ABŞ Prezidentinin Fələstin-İsrail münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın vaxtlarda Donald Tramp administrasiyasını tərk etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri iki mənbəyə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Uitkoff diplomatik fəaliyyətinin “yorucu” qrafikindən sonra öz biznesinə daha çox vaxt ayırmaq niyyətindədir. Hazırda o, ABŞ administrasiyasında həm İsrail–Fələstin, həm də Rusiya–Ukrayna münaqişələrinin sülh istiqamətində tənzimlənməsi üzrə məsələlərə nəzarət edir.
Nəşr nümayəndəsinin istefasının dəqiq tarixini açıqlamayıb, lakin "The Times of Israel" sentyabrın sonunda yazmışdı ki, Uitkoff postunu 2025-ci ilin sonlarında tərk edə bilər.
Onun xüsusi nümayəndə kimi fəaliyyət müddəti təxminən 130 gündür, lakin bu müddət gələcək planlardan asılı olaraq uzadıla bilər.
ABŞ-ın İsraildəki sabiq səfiri Devid Fridman Uitkoffun Yaxın Şərqdəki fəaliyyətini yüksək qiymətləndirərək bildirib: “O, İsraili, onun ABŞ üçün strateji əhəmiyyətini və regionda sabitlik və rifah yaratmaq potensialını dərindən anlayır”.