Rusiya ordusunun Xarkov vilayəti istiqamətindəki hücum əməliyyatlarında sürəti itirdiyini və cəbhəyə təlimsiz, hətta yaralı əsgərləri göndərdiyini bildirilir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-də yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirib.
Məlumata görə, Rusiya qüvvələri oktyabrın 23-də Sum vilayətinin şimalında hücum cəhdlərini davam etdirib, lakin real irəliləyişə nail ola bilməyib. Rusiya hərbi bloqerləri komandanlığı “yavaş irəliləyişə baxmayaraq hücumu davam etdirmək” göstərişinə görə kəskin tənqid ediblər.
Onlardan biri bildirib ki, Rusiya ordusu Yunaqovkanın cənub-şərqində və İvoljanskoe yaxınlığında Ukraynanın yerüstü rabitə xətlərini atəşə tutur.
ISW hesabatında qeyd olunur ki, Rusiya ordusu Xarkov vilayətində də ciddi irəliləyiş əldə etməyib. “Şimal” qrupuna yaxın mənbələrə istinadən bildirilir ki, bəzi rus komandirlər Xarkov istiqamətindəki Sineļnikovo ətrafında “uğurlu irəliləyiş” barədə rəsmi məlumatlarda vəziyyəti şişirdirlər. Eyni zamanda, komandanlıq döyüşlərə hazırlıqsız, yaralı və xəstə əsgərləri cəlb edir.
Ukrayna ordusunun Xarkov vilayətinin şimalında yerləşən briqadasının nümayəndəsi bildirib ki, 2024-cü ilin mayından bəri Rusiya ordusu Volçansk istiqamətində azı 15 min nəfər itirib. Onun sözlərinə görə, şəxsi heyətin əhəmiyyətli hissəsini yeni çağırışçılar təşkil edir.
Ekspertlər bildirirlər ki, Rusiya qoşunlarının Kupyansk istiqamətində müəyyən irəliləyişləri qeydə alınıb. Ukrayna briqadasının nümayəndəsi deyib ki, Rusiya komandanlığı demək olar ki, fasiləsiz hücum əmrləri verir, hücumlarda əsasən minimal hazırlıq və təchizata malik çağırışçılar iştirak edirlər. Onun sözlərinə görə, rus əsgərləri su çatışmazlığını aradan qaldırmaq üçün ifrat vasitələrə əl atırlar, çünki logistika sistemi tamamilə pozulub.
ISW analitiklərinin məlumatına əsasən, oktyabrın 23-də Rusiya ordusu Lıman istiqamətində də hücum əməliyyatlarını davam etdirib, lakin təsdiqlənmiş irəliləyiş əldə olunmayıb. Yalnız Severesk və Konstantinovka–Drujkovka bölgələrində qismən hərəkət müşahidə olunub. Pokrovsk və Novopavlovsk istiqamətlərində də əməliyyatlar nəticəsiz qalıb.
Novopavlovsk istiqamətində xidmət edən Ukrayna briqadasının nümayəndəsi iddia edib ki, rus komandanlığı bəzi hallarda əsgərlərə “təslim olmaq əvəzinə intihar etməyi” əmr edir. Onun sözlərinə görə, bu göstəriş guya ukraynalı qüvvələrin əsirlərlə amansız rəftarı barədə təbliğatla əsaslandırılır.