Modern.az

Rusiyada çevriliş olacaq? - Putin narahatdır

Rusiyada çevriliş olacaq? - Putin narahatdır

Dünya

27 Oktyabr 2025, 00:24

Rusiya Prezidenti Vladimir Putin ölkədə artan sosial narazılıq və iqtisadi çətinliklər fonunda dövlət çevrilişi ehtimalından ehtiyatlanır.

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın “The Telegraph” nəşri yazıb.

Qeyd olunur ki, Ukrayna ilə müharibənin uzanması, Qərbin tətbiq etdiyi sanksiyaların dərinləşməsi və iqtisadi geriləmə Kreml rəhbərliyində daxili sabitliklə bağlı qorxuları artırıb.

Rusiya iqtisadiyyatı rüblük geriləmə həddindədir. Mərkəzi Bankın faiz dərəcələrinin artması biznesi iflic edib, inflyasiya müharibənin əvvəlindən bu yana artaraq 40%-i keçib, dövlət borcu isə rekord səviyyəyə çatıb.

Rusiya Maliyyə Nazirliyinin proqnozuna görə, 2025-ci ildə büdcə kəsiri ÜDM-in 2,6 faizinə (təxminən 5,7 trilyon rubl) bərabər olacaq, bu isə planlaşdırılandan beş dəfə çoxdur. Gəlir çatışmazlığını tənzimləmək üçün hökumət vergi dərəcələrini artırmağa məcburdur.

2026-cı ildən ƏDV-nin 22 faizə yüksəldilməsi və daxili borclanmanın artırılması planlaşdırılır ki, bu da dövlət borcunun daha da şişməsinə səbəb olacaq.

Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri nəticəsində yanacaq qiymətləri yüksəlib, neft ixracından gəlirlər isə azalır.

Harvard Universitetinin Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin eksperti Kreyq Kennedinin fikrincə, hərbi müəssisələrin borcu artıq 190 milyard dollara çatıb ki, bu da Rusiyanın illik büdcəsinin 37 faizinə bərabərdir.

Analitiklər bildirirlər ki, Kreml Çindən iqtisadi asılı vəziyyətə düşür. ABŞ prezidenti Donald Trampın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı yeni sanksiyaları tətbiq etməsi vəziyyəti daha da gərginləşdirib. Bu qərardan sonra  Rusiya neftinin əsas alıcıları olan Çin və Hindistan idxalı azaltmağa başlayıblar, bu da Kremlin valyuta gəlirlərinə ciddi zərbə vurur.

“The Telegraph” yazır ki, Putin ətrafı daxili təzyiqləri azaltmaq üçün müxalifətin diskreditasiyasına yönələn kampaniyalar aparır.

Corctaun Universitetinin Avrasiya Araşdırmaları Mərkəzinin fəxri direktoru Anjela Stentin sözlərinə görə, bu, “daxili qeyri-sabitlik dövründə Kremlin standart taktikasına çevrilib”.

Qəzet xatırladır ki, 14 oktyabrda FSB sabiq “YUKOS” rəhbəri Mixail Xodorkovski və “Antimüharibə komitəsinin” 22 üzvü barəsində “hakimiyyəti zorla ələ keçirməyə cəhd” ittihamı ilə cinayət işi açıb. Londonda yaşayan Xodorkovski bu iddiaları “tamamilə yalan və qorxu yaratmaq məqsədli” adlandırıb.

Sizə yeni x var
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı