Modern.az

Azərbaycan sülhməramlıları Qəzzada nə iş görəcək?

Azərbaycan sülhməramlıları Qəzzada nə iş görəcək?

Dünya

27 Oktyabr 2025, 14:12

ABŞ Prezidenti Donald Trampın sülh planına əsasən Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələri Azərbaycan, İndoneziya və Pakistan hərbçilərindən ibarət olacaq.

Modern.az İsrail mediasına istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin nümayəndələri Knessetdə keçirilən qapalı iclasda bildiriblər.

Məlumata görə, bu qüvvələrin mandatına Qəzzada daxili təhlükəsizliyin təmin edilməsi və İsrail ilə HƏMAS arasında silah tədarükünün qarşısının alınması məqsədilə bufer zona yaradılması daxildir.

Əvvəllər yayılan məlumatlarda bu missiyanın yalnız Azərbaycan və İndoneziya hərbçilərindən ibarət olacağı bildirilirdi. Lakin son müzakirələrdən sonra Pakistandan da kontingent cəlb olunması ehtimal edilir.

“The Times of Israel” nəşri yazır ki, İndoneziya artıq rəsmi şəkildə öz hərbçilərini göndərməyə hazır olduğunu bəyan edib, Azərbaycan isə prinsipial razılığını bildirib, lakin hələlik rəsmi qərar açıqlanmayıb. Pakistan da bu missiyada iştirak etməyə maraqlı tərəf kimi göstərilir.

Mənbələrin sözlərinə görə, beynəlxalq sülhməramlı kontingentin ümumi sayı təxminən 10 min nəfər olacaq.

Hazırda missiyanın maliyyələşməsi, səlahiyyət çərçivəsi və hüquqi əsasları barədə danışıqlar davam edir. İndoneziya bildirib ki, qoşunlarını yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi qəbul ediləcəyi təqdirdə göndərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı