Monteneqro paytaxtı Podqoritsada baş verən kütləvi iğtişaşlardan sonra onlarla Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb.
Modern.az-ın məlumatına görə, insident yerli sakinlə türkiyəli şəxslər arasında baş verən davadan sonra başlayıb. Qarşıdurma zamanı monteneqrolu kişi bıçaqlanıb, lakin onun həyatı üçün təhlükə olmayıb. Hadisə şəhərdə Türkiyə vətəndaşlarına qarşı aqressiyanı və vandalizm aktlarını alovlandırıb.
Məlumata görə, insident Podqoritsanın Zabjelo rayonunda baş verib. Yerli sakin bir qadını müdafiə etməyə çalışarkən bir qrup türkiyəli ilə mübahisə edib və dava zamanı bıçaqlanıb. Bundan sonra bölgədə gərginlik artıb, sakinlər gecə saatlarında “xalq patrulları” yaradaraq küçələrdə nəzarətə çıxıblar. Polis həm ilkin hücum, həm də sonrakı zorakılıq halları ilə bağlı istintaq aparır.
Bazar günü Podqoritsa sakinləri Türkiyə nömrəli avtomobillərə ziyan vurub, bir qrup şəxs isə türklərə məxsus kazinonu mühasirəyə alıb.
Şəhər mərkəzində yerləşən türkiyəli sahibkara məxsus kafe yandırılıb. Polis açıqlayıb ki, bıçaqlanma hadisəsi ilə bağlı iki nəfər - biri Türkiyə, digəri Azərbaycan vətəndaşı saxlanılıb. Bundan başqa, miqrasiya qaydalarını pozduğuna görə daha 45 nəfər nəzarətə götürülüb. Onlardan yeddisi cərimələnib, səkkiz nəfərə deportasiya qərarı çıxarılıb, iki nəfər isə istintaq tamamlanana qədər nəzarət altında saxlanılacaq.
Hadisələr fonunda Monteneqro prezidenti Yakov Milatoviç əhalini sakitliyə çağırıb. Baş nazir Miloyko Spayiç isə Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti dayandırılacağını açıqlayıb. O bildirib ki, bu qərar hökumətin Ankarayla apardığı “intensiv məsləhətləşmələr” dövründə sürətlə qüvvəyə minəcək. Hazırda türkiyəlilər Monteneqroda vizasız 90 günədək qala bilirlər.
Rəsmi Podqoritsa bu addımı Avropa İttifaqının təzyiqləri fonunda atır. Brüssel Qərbi Balkan ölkələrindən vizə siyasətlərini Avropa standartlarına uyğunlaşdırmağı tələb edir. Aİ ölkələrinə daxil olmaq üçün türkiyəlilər viza almalı olsalar da, Monteneqro hələ də Türkiyə, Rusiya, Çin və Azərbaycan da daxil olmaqla yeddi ölkə vətəndaşına vizasız giriş imkanı verir.
Monteneqroda son illər türkiyəlilərin iştirakı əhəmiyyətli dərəcədə artıb. Ölkənin Statistika İdarəsinin məlumatına görə, hazırda burada 13 mindən çox Türkiyə vətəndaşı yaşayır, türkiyəli iş adamlarına məxsus 6 800-dən çox şirkət qeydiyyatdan keçib. Bu, ölkədəki bütün xarici bizneslərin təxminən 28 faizinə bərabərdir.
Hadisəyə Ankara da dərhal reaksiya verib. Türkiyənin xarici işlər naziri Hakan Fidan Monteneqronun baş naziri Miloyko Spayiç və XİN rəhbəri Ervin İbrahimoviçlə telefon danışığı apararaq Türkiyə vətəndaşların təhlükəsizliyinin təmin olunmasını tələb edib. Daha sonra Türkiyə XİN “narahatedici hadisələrdən dərin təəssüf” ifadə edən bəyanat yayıb.
Elnur Əmirov