Türkiyənin DEVA Partiyasının sədri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) qayıdacağı barədə iddiaları təkzib edib.
Modern.az xəbər verir ki, Babacan bu bu barədə jurnalistlərinə açıqlamasında danışıb.
Siyasətçi bildirib ki, Türkiyə “iki qütblü siyasi sistemə məhkum edilməməlidir” və DEVA Partiyası daxil olduğu “Yeni Yol Qrupu” ilə birlikdə üçüncü yol mümkündür.
Babacan oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisinin açılışında Prezident Rəcəb Tayyib Ərdoğanla eyni kadrda yer almasının ardından yaranan “AK Partiyaya qayıdış” şayiələrinə də münasibət bildirib.
Onun sözlərinə görə, hakim partiyadan ayrıldıqdan sonra Ərdoğanla ilk dəfə həmin gün üz-üzə görüşüblər:
“Bundan əvvəl yalnız üç dəfə telefonla danışmışıq: 6 fevral zəlzələlərində mən zəng etdim, atam vəfat edəndə o, zəng etdi, anam vəfat edəndə də yenə o zəng etdi. 1 oktyabrda salamlaşmadan sonra isə heç bir təmasımız olmayıb.”
Babacan əlavə edib ki, bu mövzunun mediada gündəmdə saxlanmasını doğru hesab etmir.
O, həmçinin vurğulayıb ki, 1 oktyabrdan sonra nə Ərdoğan, nə də hakim partiyanın rəhbərliyi ilə iqtisadiyyat və ya başqa mövzularla bağlı görüşmək üçün heç bir təşəbbüs göstərilməyib:
“Hazırda buna ehtiyac da yoxdur. Çünki biz Türkiyə üçün təklif və proqramlarımızı artıq elan etmişik.”