Modern.az

Ermənistan üzərindən uçan sirli rus təyyarəsi - Silahlar kimə daşınır?

Ermənistan üzərindən uçan sirli rus təyyarəsi - Silahlar kimə daşınır?

Dünya

29 Oktyabr 2025, 17:34

Rusiya Silahlı Qüvvələri və “Vaqner” muzdlu qruplaşması ilə əlaqəli hərbi-nəqliyyat təyyarəsi ötən həftəsonu Venesuelanın paytaxtı Karakasda eniş edib.

Modern.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronu devirmək istəməsi barədə xəbərlər fonunda təyyarənin Karakasa getməsi beynəlxalq ekspertlərin, müşahidəçi və jurnalistlərin marağına səbəb olub.

İl-76 tipli "RA-78765" qeydiyyat nömrəli təyyarə Rusiyadan iki günlük uçuşdan sonra Karakasa çatıb.

Təyyarənin marşruty qeyri-adi olub. Hava gəmisi Ermənistan, Əlcəzair, Mərakeş, Seneqal və Mavritaniya üzərindən keçib, Atlantik okeanını aşaraq Venesuelaya enib.

Məlumata əsasən, İl-76 Moskvaətrafı hava limanından havaya qalxıb, daha sonra onun transponder siqnalı izləmə sistemlərində qeydə alınıb. Marşrutun bu cür seçilməsində məqsəd Qərb ölkələrinin, Rusiyaya "dost olmayan ölkələrin" hava məkanını üzərindən uçmamaq olub. 

Ehtimal edilir ki, uçuş zamanı təyyarə bir neçə ölkədə dayanıb. Moskvanın Əlcəzairdə hərbi, Seneqalda sənaye, Mərakeşlə isə dostluq münasibətləri var. “Vaqner” muzdluları daha əvvəl Mavritaniyada da ortaya çıxıblar. Qərbi Afrikanın Rusiya ilə əməkdaşlıq edən ölkələrində dayanacaqlar təyyarəyə yanacaq doldurmaq və tranzit üçün şərait yaratmaq məqsədi daşıyıb.

Təyyarələrdə nələrin daşındığı məlum deyil. İl-76 tipli təyyarələr 50 tona qədər yük və ya 200 nəfərə qədər şəxsi heyət daşıya bilir. Belə təyyarələrin əvvəllər atıcı silahlar, hərbi sursatlar və muzdlular daşıdığı məlumdur. Daha böyük sistemlərin - məsələn, S-400 zenit-raket komplekslərinin daşınması üçün isə bir neçə reys yerinə yetirmək lazımdır

Təyyarənin sahibi olan “AviaKon Tsitotrans” şirkəti altı İl-76 tipli nəqliyyat təyyarəsinə malikdir və ABŞ, Kanada və Ukraynanın sanksiyaları altındadır. Sanksiyaların səbəbi şirkətin Rusiya hərbi strukturları ilə sıx əlaqələri və müxtəlif regionlara raket, döyüş başlıqları, helikopter hissələri kimi hərbi texnika tədarük etməsidir.

Bir çox müşahidəçi Rusiyanın Maduronu qorumaq üçün Venesuelaya silah daşıdığını iddia edir. Hər bir halda Kreml bundan əvvəl də dəstəklədiyi ölkələrə hərbi yardım göndərib. Buna görə Venesuelaya hərbi yardım göndərilməsi istisna edilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq