Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti ilə görüşüb.
Modern.az xəbər verir ki, görüş PKK-nın silahlarını Türkiyə ərazisindən tamamilə çıxardığını elan etdikdən sonra baş tutub.
Mətbuata qapalı keçirilən görüşdə partiyanın həmsədrləri Mithat Sancar və Pervin Buldan, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Efkan Ala, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edib.
Təxminən bir saat davam edən görüşdə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində mövcud vəziyyət, bunun yerlərdə vəziyyətə təsiri və lazımi hüquqi tədbirlər müzakirə edilib.
Danışıqlar başlamazdan əvvəl Pərvin Buldan jurnalistlərə bildirib ki, "bu, proses başlayandan bəri prezidentlə üçüncü görüş olacaq: "Hamımız başa düşürük ki, tarixi bir dövr yaşayırıq. Ona görə də bugünkü görüş çox mühüm və əlamətdardır. Biz prezidentlə görüşüb prosesin hazırkı mərhələləri, yaranan problemlər və lazımi addımlar barədə müzakirələr aparıb fikir mübadiləsi aparacağıq".