Modern.az

Türkiyə-Ermənistan sərhədində hazırlıq görülür - Gələn ilin əvvəli AÇILA BİLƏR

Türkiyə-Ermənistan sərhədində hazırlıq görülür - Gələn ilin əvvəli AÇILA BİLƏR

Dünya

12 Noyabr 2025, 16:05

Türkiyə və Ermənistan arasında keçid məntəqəsi növbəti ilin əvvəlində açıla bilər.

Bu barədə Modern.az-a Türkiyənin Ermənistanla sərhədindəki Ağrı vilayətində fəaliyyət göstərən jurnalist Nihat Aydın məlumat verib. 

O qeyd edib ki, Türkiyə-Ermənistan münasibətləri, istər siyasi, istərsə də digər müstəvidə, həmçinin sadə vətəndaş səviyyəsində Azərbaycanın Ermənistana qarşı mövqeyi ilə eynidir. 

Türkiyəli jurnalist qeyd edir ki, 2026-cı ilin yanvar ayında Ermənistanla sərhəddə olan Alican qapısı açılacaq. Onun sözlərinə görə, keçid məntəqəsində hazırlıq işləri görülür.

Nihat Aydın vurğulayıb ki, Azərbaycan-Türkiyə xalqları qardaşdır: “Bu günə qədər Ermənistanla münasibətimiz yaxşı olmayıb. Alican qapısı açıldıqdan sonra da tezliklə dost münasibət yarana bilməz. Bunun üçün onilliklər lazımdır. Azərbaycan dili bir olan qardaşımızdır. Ermənistan ilə isə heç bir ortaq dəyərimiz yoxdur”.

Jurnalist qeyd edib ki, Qarabağın azad edilməsindən sonra Paşinyan Türkiyənin də böyüklüyünü qəbul edib. Təsadüfi deyil ki, Ermənistan hökuməti rəsmi sənədlərində, o cümlədən pasportlara vurulan möhürlərdə Ağrı dağının təsvirini ləğv edib

Sərhəd açılışından sonra iqtisadi əlaqələrin mümkünlüyünü istisna etməyən jurnalist Alican keçidinin tikilişindən tezliklə sonra – 1993-cü ildə bağlandını, səbəbin Qarabağ hadisələri olduğunu diqqətə çatdırıb.

 

Türkiyə Parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayrım isə saytımıza bildirib ki, Türkiyə-Ermənistan sərhədinin açılacağı tarix hələ müəyyən deyil və bu, Azərbaycanla bağlı məsələdir.

O vurğulayıb ki, Qarabağla, Zəngəzur dəhlizi ilə əlaqəli ABŞ-da 8 avqust razılaşmasında bəzi qərarlar qəbul edilmişdi. Bu razılaşma bölgədə sülh istiqamətində yeni, müsbət dönüşün yaranmasına səbəb oldu. Minsk qrupunun ləğvi reallaşsa da icrası nəzərdə tutulan işlər hələ qalıb. Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər aparılmalıdır: 

“Hal-hazırda Türkiyə-Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması prosesi gedir. Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsi müzakirə olunan mövzudur. Bizim bu işlərə baxan rəsmi nümayəndələrimiz Ermənistan tərəfi ilə bir neçə dəfə danışıqlar aparıblar. Lakin keçid məntəqələrinin nə zaman açılacağı barədə dəqiq tarix razılaşması yoxdur. Bu, Azərbaycanın maraqları çərçivəsində həll olunacaq. Eyni zamanda Azərbaycanla Ermənistanın bundan sonrakı münasibəti sərhədin açılmasında həlledicidir”.

Ş.Ayrım da deyir ki, hal-hazırda Türkiyə tərəfi Ermənistanla sərhədlərin açılması üçün lazımi texniki, quruculuq işlərini başa çatdırıb. Eyni zamanda Azərbaycan və Ermənistan ərazilərində də eyni istiqamətdə işlər aparılır:

“Coğrafi faktdır ki, Türkiyə Ermənistanla qonşudur. Sərhədlərin açılmasından sonra, təbii ki, iqtisadi əlaqələrin yaradılması mümkündür. Bu gün Türkiyə istehsalı Ermənistana tranzit ölkə ilə daşınır. Niyə birbaşa ticari əlaqə qurulmasın? Bu daha çox Ermənistana lazımdır. Çünki onun regional çətinliyi var. Bu günə qədər enerji və təhlükəsizliyini Rusiya təmin edirdisə, indi belə deyil. İqtisadi çətinlik Ermənistan əhalisinin xaricə köç etməyə məcbur edib”.

Dostluq qrupunun sədri qeyd edib ki, növbəti il Ermənistanda seçki olacaq. Paşinyanın qələbəsi Türkiyəyə lazımdır: "Başqa siyasi simanın onu əvəz etməsi müsbət yön almış Azərbaycan-Ermənistan münasibətlərinə arzuolunmaz təsir göstərə bilər. Müharibədən sonra qarşılıqlı şəkildə göstərilmiş jestlər perspektivini itirə bilər".

Cavid Zahidoğlu 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR