Ermənistan Qarabağ məsələsində illərlə konkret bir ölkənin təsiri altında qalıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərkən bildirib.
Paşinyanın sözlərinə görə, 2018–2022-ci illərdə Ermənistan ordusunun sosial-psixoloji vəziyyəti və düşüncə sistemi xarici təsirlərin altında formalaşıb:
“Ermənistan Qarabağ məsələsində konkret bir ölkənin cibində idi. 2018, 2019, 2020, 2021 və hətta 2022-ci ilə qədər ordumuzun sosial-psixoloji durumu, düşüncə tərzi xarici faktorun təsiri altında idi. Orduda suveren iradə mərkəzi yox idi”, – deyə o bildirib.
Paşinyan həmçinin deyib ki, ölkənin xarici borcunun artmasının əsas səbəbi silah alışları olub:
“Bizi tənqid edirlər ki, niyə borc 8 milyard dollara çatıb, bu pulla nə etmişik? Deməyəcəkdim, amma indi deyirəm - biz silah almışıq. Kredit vəsaiti ilə? Bəli, kreditlə, çünki çoxlu silah lazım idi və dərhal alınmalı idi”.
Baş nazir Ermənistanın hələ də “sülhün nə olduğunu bilmədiyini” söyləyərək, son bir il səkkiz ayda ölənlərin olmamasını “sülhün başlanğıcı” kimi təqdim edib.