Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərini ölkənin siyasi sistemini “xarici təsir agentlərindən təmizləmək” üçün mühüm imkan adlandırıb.
Modern.az-ın məlumatına görə, Paşinyan bu fikirləri parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışı zamanı səsləndirib.
O bildirib ki, cəmiyyətdə tez-tez hökumətin hələ də Robert Koçaryan və Serj Sarkisyan kimi əvvəlki liderlərin təsirinə reaksiya verdiyi barədə tənqidlər eşidilir:
“Vətəndaşlar deyirlər ki, bəzən sizə bu mövzulara qayıtmaq rahatdır, çünki real problemlərin həllindən yayınmaq imkanı yaradır. Bu vəziyyətə son qoymaq lazımdır və bunun yolu yaxınlaşan parlament seçkiləridir. Biz elə etməliyik ki, onların rəhbərlik etdiyi siyasi qüvvələr parlamentdə olmasın”.
Baş nazir qeyd edib ki, “başqa ölkənin təsir agentləri bu gün Ermənistan dövlətinə nifrət və ikrah hissi aşılamağa çalışırlar”, lakin ölkə “özünün suveren iradəsinə və qərarvermə mərkəzinə malikdir”.
Paşinyan çıxışı zamanı “Daşnaksutyun” Partiyasının təmsilçilərinə də sərt ittiham yönəldib:
“Partiyanız 70 il ərzində dünyanın müxtəlif yerlərində həmin ölkənin təsir agenti kimi fəaliyyət göstərib. Məsələ hazırda hansı ölkədən söhbət getməsindən ibarət deyil. Biz qərar verməliyik: öz parlamentimizdə xarici təsir agentlərinin şəbəkəsini qəbul edəcəyik, ya yox. Mənim cavabım – yox”.