Modern.az

Türkiyə ordusu strateji əhəmiyyətli bölgəyə DAXİL OLDU

Türkiyə ordusu strateji əhəmiyyətli bölgəyə DAXİL OLDU

Dünya

17 Noyabr 2025, 14:01

İraq-Türkiyə sərhədində yerləşən strateji əhəmiyyətli Zap bölgəsində vəziyyət kəskin şəkildə dəyişib.

Modern.az-ın məlumatına görə, PKK terror təşkilatı açıqlama yayaraq 16 noyabrdan etibarən bu ərazidəki dəstələrinin tam şəkildə geri çəkildiyini bildirib.

Təşkilat bunu Türkiyə ordusu ilə “toqquşma riskinin aradan qaldırılması” və “sülh prosesinə töhfə” kimi təqdim edir.

Açıqlamada qeyd olunur ki, bu addım PKK lideri Abdulla Öcalanın göstərişi əsasında atılıb və Türkiyənin bölgədə artan hərbi aktivliyini nəzərə alaraq qarşıdurma ehtimalını minimuma endirməyə hesablanıb.

PKK-nın geri çəkilməsi 2024-cü ilin oktyabrında MHP lideri Dövlət Bağçalının çağırışı ilə başlanan “Terrorsuz Türkiyə” layihəsinin tərkib hissəsidir. Layihə PKK-nın tam şəkildə silahı yerə qoymasını və təslim olmasını nəzərdə tutur.

27 fevral 2025-də İmralı həbsxanasında ömürlük cəza çəkən Öcalan tərəfdarlarına silahı yerə qoymaq çağırışı etmiş, daha sonra 11 iyulda İraqın Süleymaniyə şəhərində PKK üzvləri silah yandırma mərasimi keçirmişdilər.

Bundan sonra Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərliyi ilə “Milli həmrəylik, qardaşlıq və demokratiya komissiyası” yaradılıb. Komissiya 5 avqustdan etibarən dinləmələr təşkil edib və nəticədə PKK-nın tam tərksilah olunması, hökumət tərəfindən hüquqi islahatların aparılması, zəruri addımlar kimi təqdim olunub.

Zap Türkiyənin Hakkari şəhərindən cəmi 7 km aralıda, Tavr dağları ilə əhatələnmiş strateji ərazidir. Ankara bu bölgəni PKK-nın ən mühüm istehkamlarından biri hesab edirdi.

2019-cu ildən bəri Türkiyə burada bir sıra genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib. Bunlara nümunə olaraq “Pəncə”, “Pəncə-2”. “Pəncə-3”, “Pəncə-Aslan”ı göstərmək olar.

Hərbi mənbələr bildirir ki, PKK-nın geri çəkildiyini elan etdiyi Zap ərazisinin böyük hissəsi onsuz da Türkiyə Silahlı Qüvvələrinin nəzarətində idi.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!