Modern.az

Rusiya 7 min ukraynalını əsir saxlayır - ƏN SON RƏQƏMLƏR

Rusiya 7 min ukraynalını əsir saxlayır - ƏN SON RƏQƏMLƏR

Dünya

17 Noyabr 2025, 16:00

Ukraynada müharibə başlayandan bəri əsirlərlə bağlı mənzərə olduqca dəhşətlidir. Tərəflər real rəqəmləri gizlətsə də, beynəlxalq təşkilatların hesabatları, rəsmi açıqlamalar və aparılan araşdırmalar müharibənin ən ağır insani problemlərindən birinə çevrilmiş əsirlik məsələsi barədə aydın təsəvvür yaradır.

Modern.az-ın məlumatına görə, mövcud araşdırmalar göstərir ki, 2022-ci ilin fevralından bu günə qədər ən azı 13 min 500 ukraynalı hərbçi Rusiya tərəfindən əsir götürülüb.

Onların bir hissəsi qısa müddət sonra mübadilə ilə geri qaytarılsa da, 6–7 min nəfər hazırda da müxtəlif Rusiya bölgələrində və işğal olunmuş ərazilərdə saxlanılır.

Ukrayna tərəfi bildirir ki, bu rəqəm yalnız hərbçilərə aiddir. Onlarla yanaşı yüzlərlə mülki vətəndaşın da Rusiya tərəfindən girov kimi saxlanıldığı, bəzilərinin zorla ölkə ərazisinə aparıldığı vurğulanır.

Beynəlxalq qurumların araşdırmalarına görə, indiyədək təxminən 6 min 800 ukraynalı hərbçi əsirlikdən azad edilib. Avropa Parlamenti müraciətlərində bu rəqəmin mülki şəxslərlə birlikdə 6 mindən artıq olduğunu qeyd edir. Son illərin ən böyük mübadiləsi 2025-ci ilin mayında baş verib. Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən və “1000-ə qarşı 1000” kimi tarixə düşən razılaşma çərçivəsində hər iki tərəf min nəfər əsiri qarşılıqlı şəkildə azad edib. Xeyli sayda kiçik mübadilələr də baş tutub. Bununla belə, Ukrayna tərəfi ən azı 200-dən çox ukraynalı əsirin Rusiya nəzarətində həyatını itirdiyini təsdiqləyir.

Rusiyanın əsirlərlə bağlı rəqəmləri daha məhduddur. 2024-cü ildə Vladimir Putinin özü etiraf etmişdi ki, həmin dövrdə Ukrayna tərəfi 1 348 rus hərbçisini əsir saxlayırdı. Müharibə boyu aparılan çoxsaylı mübadilələr, xüsusən də 2025-ci ildəki dəyişiklər bu rəqəmin mütəmadi şəkildə artıb-azaldığını göstərir. Müxtəlif beynəlxalq mənbələrin təhlili Ukraynanın əsir götürdüyü və sonradan mübadilə ilə geri qaytardığı rus hərbçilərinin ümumi sayının bir neçə min nəfər olduğunu göstərir.

Son illərdə diqqət çəkən yeni tendensiyalardan biri də Ukraynanın xarici mənşəli döyüşçüləri əsir götürməsidir. 2025-ci ilin əvvəlində Kursk istiqamətində aparılan əməliyyatlarda Ukrayna ordusu ilk dəfə Şimali Koreya hərbçilərini əsir götürdüyünü açıqladı. Şimali Koreyanın iki hərbçisi barədə yayımlanan görüntülər beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb oldu.

Eyni dövrdə Ukrayna Donetsk istiqamətində iki çinli muzdlunun əsir götürüldüyünü təsdiqlədi. Ukrayna tərəfi Rusiyanın müxtəlif ölkələrdən, xüsusilə də Çin və Mərkəzi Asiya respublikalarından yüzlərlə muzdlunu cəlb etdiyini bildirir.

Rəsmi Kiyevin məlumatına görə, hazırda Ukraynanın əlində 54 Mərkəzi Asiya mənşəli döyüşçü saxlanılır. Onların bir hissəsi Rusiya vətəndaşı olsa da, əksəriyyəti öz ölkələrindən Rusiyaya gedən miqrantlar və ya cəzaçəkmə müəssisələrindən cəlb olunan şəxslərdir. Həmçinin Ukrayna bir neçə afrikalı və hindistanlı döyüşçünün də əsir götürüldüyünü bildirir.

Elnur Əmirov

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!