Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafı müzakirə olunub. Hər iki tərəf enerji, infrastruktur, süni intellekt və investisiyaların təşviqi də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını vurğulayıblar.
Mirzoyan qeyd edib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın yeni məzmunundan, eləcə də ABŞ-ın yaranmış sülhün ardıcıl şəkildə möhkəmləndirilməsində davamlı iştirakına yönəlmiş siyasi dialoqundan məmnundurlar.
Tərəflər 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
Vaşinqton Sülh Sammitinin simvolik 100-cü gününü nəzərə alaraq, Ararat Mirzoyan və Allison Huker bu dövrdə razılaşmaların həyata keçirilməsində əldə edilən irəliləyişi, eləcə də qarşıda duran işləri qeyd ediblər.
Onlar TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin tikintisi üçün zəruri olan hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar. Daha geniş coğrafiyaya malik nəqliyyat və digər kommunikasiya şəbəkəsinin inkişaf etdirilməsində sonuncunun əhəmiyyəti vurğulanıb. Ararat Mirzoyan və Allison Huker digər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.