Türkiyədə PKK-nın silah qoyması və təşkilatın buraxılması ilə bağlı proses yenidən siyasi gündəmin əsas mövzusuna çevrilib.
Modern.az-ın məlumatına görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiya qrup toplantısında çıxışı zamanı məsələ ilə bağlı sərt açıqlamalar verib.
Bağçalı bildirib ki, silahların tamamilə susdurulması istiqamətində aparılan prosesə zərər vermək istəyən dairələr var və buna görə də bu mərhələdə hər kəs məsuliyyətli davranmalıdır.
Onun sözlərinə görə, Türkiyə bu proses başa çatdıqdan sonra “daha sabit və təhlükəsiz bir dövrə qədəm qoyacaq”.
MHP lideri İmralıda həbsdə olan PKK lideri Abdullah Öcalanla görüş məsələsinə toxunaraq, bu səfərin ətrafında aparılan mübahisələri yersiz adlandırıb
“Proses komissiyası son mərhələyə daxil olub. İmralıya gedəcək nümayəndə heyətinin müəyyənləşdirilməsi mümkündür. Bu səfərin ətrafında mübahisə yaratmağın mənası yoxdur. Heç kim getməyə razı deyilsə, mən üç əməkdaşımı götürüb İmralıya getməkdən çəkinmərəm. Qarşımdakı şəxsin gözünə baxaraq fikrimi açıq şəkildə söyləyərəm”, - o qeyd edib.
MHP rəhbəri “terror olmayan Türkiyə” məqsədinin həm xalqın, həm də dövlətin dəyişməz mövqeyi olduğunu vurğulayıb.