Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan Azərbaycan–Ermənistan sülh prosesinə dair diqqətçəkən açıqlama verib.
Modern.az-ın məlumatına görə, o, İstanbulda keçirilən toplantıda bildirib ki, rəsmi İrəvan ilk dəfə iki ölkənin sülhə bu qədər yaxın olduğunu düşünür.
Xandanyan çıxışında Vaşinqtonda 8 avqust tarixində imzalanmış bəyannaməni “tarixi sənəd” adlandıraraq qeyd edib ki, bu sənəd Ermənistan və Azərbaycanın münaqişəni geridə qoymağa dair real siyasi iradəsini təsdiqləyir.
Onun sözlərinə görə, Birgə Bəyannamə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında münasibətlərin yeni mərhələsinə yol açır. Deputat ABŞ-ın, xüsusilə də Prezident Donald Trampın vasitəçilik rolunu yüksək qiymətləndirib.
Erməni rəsmisi həmçinin bildirib ki, iki ölkə arasında sülh sazişinin imzalanması və ratifikasiyası üzrə işlər davam etdirilir və Vaşinqton sammitində paraflanmış layihə hazırda son mərhələdədir.
Xandanyan deyib ki, regionda kommunikasiyaların açılması istiqamətində aparılan müzakirələr praktik mərhələyə keçib. O, Ermənistanın irəli sürdüyü “Sülh kəsişməsi” təşəbbüsü çərçivəsində TRIPP marşrutunun təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında qlobal nəqliyyat bağlantısı baxımından əhəmiyyətli olacağını vurğulayıb.
Deputat, çıxışı zamanı ATƏT-in Minsk prosesi və onunla bağlı strukturların Azərbaycan və Ermənistanın birgə müraciəti əsasında ləğv edilməsini da etimadın möhkəmlənməsi baxımından vacib addım kimi təqdim edib.
Xandanyan, həmçinin, Ankara–İrəvan dialoquna toxunaraq, yaxın zamanda iki ölkə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması istiqamətində irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.