Türkiyə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ukrayna lideri Volodimir Zelenski ilə Ankarada baş tutacaq bugünkü danışıqlardan sonra Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə təmaslara keçə bilər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbəyi RİA Novosti-yə bildirib.
"Cənab Prezident Rəcəb Tayyib Ərdoğan ənənəvi olaraq münaqişələrin həlli ilə bağlı telefon diplomatiyası aparır. Ukrayna məsələsi onun xarici siyasət gündəliyinin mərkəzində qalır. Buna görə də, bugünkü danışıqlardan sonra Rusiya tərəfi ilə də təmasların baş tutma ehtimalı olduqca yüksəkdir. Hələlik hansı səviyyədə olduğunu deyə bilmərəm", - deyə mənbə bildirib.
Ərdoğanın çərşənbə günü Ankarada Volodimir Zelenski ilə danışıqlardan sonra mediaya açıqlama verməsi gözlənilir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, İstanbuldakı təmaslar hazırda Rusiyanın iştirakı olmadan baş tutur və Moskva Kiyevdən danışıqları bərpa etmək niyyəti barədə heç bir məlumat almayıb. Kremlin sözçüsü qeyd edib ki, Moskva hələlik Kiyevin dialoqa hazırlığını qiymətləndirə bilmir, çünki Kiyevin hazırladığı danışıqlar qətnamələrinin məzmunundan xəbərsizdir.