Rusiyanın “Lukoil” şirkəti daha bir Avropa ölkəsində bazardan çıxır.
Modern.az xəbər verir ki, şirkətin Finlandiyadakı törəmə müəssisəsi "Teboil" ölkədə fəaliyyətini mərhələli şəkildə dayandırdığını açıqlayıb. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Finlandiya ərazisindəki "Teboil" yanacaqdoldurma məntəqələri mövcud yanacaq ehtiyatı tükəndikcə bir-bir bağlanacaq. Şirkət artıq oktyabr ayının sonunda nağd ödəniş qəbulunu tam dayandırıb.
"Teboil" Finlandiyada 1934-cü ildən fəaliyyət göstərir və ölkənin ən böyük yanacaqdoldurma şəbəkələrindən biri hesab olunur. Şəbəkə 2005-ci ildə tam olaraq “Lukoil”in nəzarətinə keçmişdi.
Şirkətin Finlandiyanı tərk etməsi ABŞ və Böyük Britaniyanın oktyabr ayında “Lukoil”ə qarşı tətbiq etdiyi yeni sanksiyalar, həmçinin şirkətin xarici aktivlərinin "Gunvor" treyderinə satışının ABŞ Maliyyə Nazirliyi tərəfindən bloklanması ilə əlaqələndirilir.
Finlandiyada "Teboil" brendi altında təxminən 200 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.