Ukrayna ABŞ-dan Rusiya ilə müharibənin dayandırılması ilə bağlı mümkün təkliflərə dair bir neçə “siqnal” aldığını bildirib.
Lakin Kiyev bu planların hazırlanması və müzakirəsi prosesinə cəlb olunmadığını vurğulayır.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kiyevdəki mənbəyə istinadən məlumat yayıb.
Agentliklə danışan yüksək vəzifəli ukraynalı rəsmisinin sözlərinə görə, ABŞ administrasiyası Moskva ilə apardığı təmaslarda bir sıra sülh variantlarını müzakirə edib və Kiyevə bunlarla bağlı yalnız ümumi məlumat ötürülüb. Rəsmidən gələn açıqlamada Ukraynanın heç bir detalın müzakirəsində iştirak etmədiyi xüsusi olaraq qeyd olunur.
"Politico" isə Ağ Evdəki yüksəkvəzifəli mənbəyə istinadən yazır ki, tərəflər arasında müharibənin dayanmasına dair “çərçivə razılaşması” bu həftə belə razılaşdırıla bilər. Mənbənin sözlərinə görə, nə Ukrayna, nə də Avropa ölkələri hazırlanmaqda olan sənədin şərtlərinin formalaşdırılmasına cəlb olunmayıb.
“Biz tezliklə geniş sülh sazişi layihəsini təqdim edəcəyik. Təklif edəcəyimiz plan məntiqlidir”, – deyə Ağ Ev rəsmisi bildirib.
Rusiya tərəfi isə yayılan xəbərləri təkzib edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva ABŞ-dan Ukrayna ilə bağlı hər hansı saziş barədə rəsmi kanallar vasitəsilə heç bir məlumat almayıb.