Modern.az

Kremldə nə baş verir?

Kremldə nə baş verir?

Dünya

19 Noyabr 2025, 21:59

Rusiya ilə Ukrayna arasında davam edən dörd illik müharibə, eləcə də güc strukturlarının səlahiyyətlərinin sürətlə genişlənməsi Kreml elitası içində ciddi parçalanma yaradıb.

Modern.az xəbər verir ki, “Vajnyye İstorii”yə danışan Kremlə yaxın mənbələrə görə, Rusiyanın idarəetmə sistemi dərin böhran yaşayır və hakimiyyət daxilində resurslar uğrunda açıq mübarizə, qarşıdurmalar və xaos getdikcə güclənir.

Mənbələr bildirir ki, əvvəllər mövcud olan qərar qəbuletmə mexanizmləri faktiki olaraq dağılıb və hər kəs “öz marağı üçün çalışır”:

“Sistem indi elə mərhələyə gəlib ki, artıq heç bir qayda qalmayıb, nə yaxşı, nə pis. Hamı başa düşür ki, nə qorunan var, nə də təhlükəsizlik təminatı. Heç kim heç nədən sığortalanmayıb”, – deyə Kremlin strukturlarında çalışan rəsmi qeyd edir.

Mənbələrə görə, Rusiya hakimiyyətində ən böyük xaosu yaradan qüvvə "silovik"lərdir. Onlar hökumətlə və Prezident Administrasiyasının siyasi blokuyla koordinasiya etmədən hərəkət edir, bir çox hallarda tam müstəqil qərarlar verirlər.

İllər boyu müxalifəti susdurmaq üçün istifadə edilən “xarici agent” statusu artıq Prezident Administrasiyasının tam nəzarətindən çıxıb. İndi bu status yalnız Kremlin tənqidçilərinə deyil, həm də böyük biznes sahiblərinə və hətta Kremlin tərəfdarı olan bəzi bloqerlərə verilir. 

Prezident Administrasiyasının birinci müavini Sergey Kiriyenko artıq güc strukturları ilə qarşıdurmada qalib tərəf ola bilmir. O, Kreml daxilində daxili siyasəti kurasiya etsə də, rəsmilərin həbsi ilə bağlı qərarlar ona əvvəlcədən bildirilmir. Halbuki həbs edilənlər arasında Kiriyeŋkonun təyin etdiyi şəxslər də var.

Rəqəmlər vəziyyətin gərginliyini daha aydın göstərir: müharibə başlayandan bəri Rusiya üzrə məmurların həbsi üç dəfə artıb. Təkcə 2025-ci ildə 155 məmur - merlər, vitse-qubernatorlar və yüksək vəzifəli şəxslər həbs edilib. Prokurorluq həmin dövrdə 4,5 trilyon rubl dəyərində biznes aktivlərini müsadirə edib.

Mənbələr bildirir ki, müharibə nə qədər uzanırsa, Kreml daxilində güc mərkəzləri arasında savaş bir o qədər dərinləşir, dövlət idarəçiliyi isə sürətlə nəzarətdən çıxan xaosa doğru gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu