Rusiyanın Azərbaycanın və Ermənistanın münasibətlərinin normallaşdırılması prosesində mövqeyi dəyişməyib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə bildirib.
Zaxarovanın sözlərinə görə, Moskvanın əsas məqsədi regionda uzunmüddətli sülh və sabitliyə nail olmaqdır:
“Cəhdlərimiz Cənubi Qafqazda davamlı sülh və rifaha yönəlib. Üçtərəfli razılaşmalar öz aktuallığını itirməyib, əksinə, Bakı və İrəvan arasında sülh prosesinin yol xəritəsi olaraq qalır”, – deyə o vurğulayıb.
Rusiya XİN rəsmisi əlavə edib ki, Moskva tərəflərə qarşılıqlı məqbul həll yolunun tapılması üçün bundan sonra da lazımi dəstəyi göstərməyə hazırdır.
Mariya Zaxarova həmçinin bildirib ki, regional əməkdaşlıq platforması olan “3+3” formatının növbəti toplantısı ya Bakıda, ya da İrəvanda baş tutmalıdır.
O, xatırladıb ki, xarici işlər nazirlərinin bu formatdakı son görüşü 2024-cü ilin oktyabrında İstanbulda keçirilib.
“Ümid edirik ki, Azərbaycan və Ermənistan tərəfləri yaxın vaxtlarda növbəti görüşün harada olacağına dair razılığa gələcəklər, biri bu il, digəri gələn il tədbiri təşkil edə bilər. Biz isə onların qərarını dəstəkləməyə hazırıq”, – Zaxarova qeyd edib.