Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin Kupyanskın ələ keçirilməsi ilə bağlı yaydığı məlumatları təkzib edib.
Modern.az xəbər verir ki, qərargahın teleqram kanalında verilən açıqlamada şəhərin tam olaraq Ukrayna müdafiə qüvvələrinin nəzarətində olduğu bildirilir.
Məlumata görə, Kupyansk və ətraf ərazilərdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlar davam edir:
“Kupyansk Ukraynanın müdafiə qüvvələrinin nəzarətindədir. Şəhərdə və onun ətrafında rusiyalı diversiya qruplarının aşkarlanması və zərərsizləşdirilməsi məqsədilə kontr-diversiya tədbirləri həyata keçirilir”, - məlumatda qeyd olunur.
Baş Qərargah Yampol istiqamətində də oxşar vəziyyətin olduğunu bildirir. Həmin ərazidə Ukrayna hərbçiləri “axtarış-zərbə əməliyyatları” aparır.
Ukrayna tərəfi həmçinin Rusiyanın Volçanskun 80%-nin, Pokrovskun isə 70%-nin ələ keçirilməsi ilə bağlı iddialarının doğru olmadığını açıqlayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kupyanskın nəzarətə götürüldüyünü bildirir. Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun bu barədə məlumatı komanda məntəqələrindən birinə səfəri zamanı prezident Vladimir Putinə verdiyi açıqlamada ifadə olunub.