Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin 28 maddəlik sülh planına münasibət bildirib.
Modern.az-ın məlumatına görə, o, teleqram kanalında etdiyi paylaşımda Ukraynanın real sülhə can atdığını deyib və sülh prosesini pozmağa cəhd etməyəcəyinə əmin edib.
Zelenski qeyd edib ki, ABŞ nümayəndələri ilə görüşüb və ABŞ tərəfi öz təkliflərini - müharibəyə son qoymaq üçün planın bəndlərini təqdim edib.
"Müharibənin ilk günlərindən bir, çox sadə mövqe tuturuq: Ukraynaya sülh lazımdır. Ləyaqətli sülh - müstəqilliyimizə, suverenliyimizə, Ukrayna xalqının ləyaqətinə hörməti ehtiva edən şərtlərlə. Biz məhz belə şərtləri təmin etməliyik", - deyə V.Zelenski vurğulayıb.
O, prinsipial mövqeləri qeyd etdiyini və bundan sonra komandaların bu təkliflər üzərində işləyəcəyini bildirib.
"Biz kəskin bəyanatlar verməyəcəyik və dəqiq, dürüst işə köklənmişik - Ukrayna, Birləşmiş Ştatlar və Avropadakı və dünyadakı dostlarımız və tərəfdaşlarımız", - deyə prezident əmin edib.
Zelenski Trampla danışacağını bildirib.
"Yaxın günlərdə Prezident Trampla danışmağa ümid edirəm. Başa düşürük ki, ABŞ-nin gücü və dəstəyi sülhü, həqiqətən, yaxınlaşdıra bilər və biz bunu itirmək istəmirik. Həmçinin başa düşürük ki, Rusiyada həqiqi sülh arzusu yoxdur, əks halda onlar bu müharibəni başlamazdılar", - deyə Zelenski qeyd edib.