Türkiyə Böyük Millət Məclisinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komitəsi bu gün parlament üzvlərinin PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək üçün İmralı adasına mümkün səfərini müzakirə edəcək.
Modern.az xəbər verir ki, hakimiyyət daxilində mövqe artıq məlumdur. Hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) səfərə “yaşıl işıq” yandırıb. CHP isə qərarını bu gün açıqlayacaq.
AK Partiya rəsmilərinin Efkan Ala və Abdullah Gülerin iştirakı ilə aparılan daxili iclasda komissiyadan nümayəndə heyətinin İmralıya göndərilməsinə “bəli” qərarı verilib. AKP heyətin tərkibini hələ müəyyən etməyib. Səfərin vaxtı komissiyanın qərarı ilə müəyyənləşəcək.
Özgür Özelin başçılıq etdiyi iclasda müzakirələr aparılsa da, yekun mövqe açıqlanmayıb. Bəzi üzvlər CHP-nin səfərə qarşı çıxmamasını, lakin heyətə üzv verməməsini təklif edib.
Qərarın bu gün partiya rəhbərliyinin məsləhətləşməsindən sonra elan ediləcəyi bildirilir.
Komissiya səfərə qərar verəcəyi təqdirdə heyətin tərkibi partiya qruplarının seçimindən asılı olacaq. Hazırda ehtimal edilən adlar aşağıdakılardır:
DEM Partiyadan - Gülistan Koçyiğit – artıq rəsmi şəkildə İmralı heyətində yer alacağını açıqlayıb.
MHP-dən - Feti Yıldızın adı əsas namizədlər arasında çəkilir.
Yeni Yol Qrupu - Bülent Kaya və ya və Mehmet Emin Ekmen
AKP-nin göndərəcəyi adların isə komissiya qərarından sonra müəyyənləşəcəyi gözlənilir.
Siyasi kulislərdə İmralıya 4–5 nəfərlik dar tərkibli nümayəndə heyəti göndərilməsi ehtimalı güclənib. CHP heyətə üzv verməsə belə, qərar qəbul edildiyi halda səfər yenə gerçəkləşəcək.
51 üzvlü komissiyada səfər qərarı formal olaraq 26 səs tələb edir. Lakin AKP bunun “dinləmə” xarakterli fəaliyyət olduğunu deyərək, səsverməyə ehtiyac olmadığını bildirir.