Aparıcı Avropa dövlətlərinin liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə razılaşıblar ki, hazırkı cəbhə xətti istənilən ərazi müzakirələri üçün başlanğıc nöqtəsi olsun.
Modern.az xəbər verir ki, Almaniya hökumətinin yaydığı məlumata görə, bu, kansler Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer arasında Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra verilən açıqlamada bildirilib.
Xüsusilə, liderlər davamlı və ədalətli sülh yolunda Ukraynaya sarsılmaz və tam dəstəklərini bir daha təsdiqləyiblər. Eyni zamanda, Merts, Makron, Starmer və Zelenski ABŞ-ın müharibəyə son qoymaq səylərini alqışlayıblar.
Liderlər Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri verilməsinə tərfdar olduqlarını bildiriblər. Onlar hərəkətlərini bir-biri və digər Avropa tərəfdaşları ilə, eləcə də Vaşinqtonla sıx əlaqələndirmək barədə razılığa gəliblər.
Açıqlamada qeyd olunur ki, "uzunmüddətli perspektivdə həyati əhəmiyyətli Avropa və Ukrayna maraqlarının qorunması məqsədini davam etdirməyə razılaşdılar. Buraya, təmas xəttinin hər hansı qarşılıqlı anlaşmaya nail olmaq üçün başlanğıc nöqtəsi olaraq qalması və Ukrayna Silahlı Qüvvələrinin Ukraynanın suverenliyini effektiv şəkildə müdafiə etmək qabiliyyətinə malik olması da daxildir".
Eyni zamanda, liderlər Avropa dövlətləri, Avropa Birliyi və ya NATO ilə bağlı hər hansı bir razılaşmanın Avropa tərəfdaşlarının təsdiqi və müttəfiqlər arasında konsensus tələb edəcəyi barədə razılığa gəliblər.
Öz növbəsində Zelenski Ukraynaya və bütün ukraynalılara prinsipial dəstəyə görə Telegram-da Makrona, Starmerə və Mertsə təşəkkür edib.
"Biz Ukrayna və bütün Avropa üçün sülh planını müzakirə etdik. ABŞ-ın, Prezident Trampın və onun komandasının bu müharibəyə son qoymaq səylərini yüksək qiymətləndiririk. Biz Amerika tərəfindən hazırlanan sənəd üzərində işləyirik. Bu, əsl və ləyaqətli bir sülhü təmin edəcək bir plan olmalıdır", - deyə Zelenski vurğulayıb.