Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında növbəti görüşün keçirilməsi məsələsi gündəmdə qalır və həll yolu axtarışı davam edir.
Modern.az xəbər verir ki, “Mejdunarodnaya jizn” jurnalına verdiyi müsahibədə Sergey Ryabkov qısa və ya ortamüddətli perspektivdə növbəti Rusiya-ABŞ sammitinin keçirilməsi imkanını istisna etmədiyini bildirib. Onun sözlərinə görə, liderlər arasında gələcək görüşün parametrləri ilə bağlı müzakirələr davam edir.
Müsahibədə İran-ABŞ nüvə dialoqu mövzusuna da toxunulub. Ryabkov Tehran ilə Vaşinqton arasında danışıqların bərpası üçün perspektivlərin mövcud olduğunu bildirib və İranın hazırkı şəraitdə Rusiyanın yeganə mümkün yol hesab etdiyi siyasi həll yoluna sadiq qaldığını vurğulayıb.