Çin və Yaponiya arasında siyasi gərginliyin artması fonunda paytaxt Tokiodakı pandaların aqibəti sual altına düşüb.
Modern.az xəbər verir ki, Yaponiyadakı son iki panda Çinə qaytarıla bilər. Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Belə ki, Baş nazir Sanao Takaitinin Tayvanla bağlı açıqlamalarından sonra Pekin-Tokio münasibətləri daha da sərtləşib.
Hazırda Tokiodakı zooparkda Syao Syao və Ley Ley adlı iki nəhəng panda yaşayır. Lakin onların icarə müqaviləsinin müddəti 2026-cı ilin fevralında başa çatır. Onlar Yaponiya ərazisində qalan yeganə pandalardır. Müddət bitdikdən sonra onların Çinə qaytarılması planlaşdırılır.
Zoopark əməkdaşları və ziyarətçilər böyüyən siyasi gərginlik fonunda narahatlıq keçirir, pandaların ölkədən gedə biləcəyindən ehtiyatlanırlar. Yaponiya-Çin Dostluq Assosiasiyasının rəhbəri Yukinori Ekomi bildirib ki, pandalar iki ölkə arasında sülhün və dostluğun simvoludur. O, münasibətlərin daha da pisləşməyəcəyinə və heyvan mübadiləsinə zərər dəyməyəcəyinə ümid etdiyini deyib.
Gərginlik Baş nazir Sanao Takaitinin son açıqlamasından sonra artıb. O bildirmişdi ki, Tayvan ətrafında yaranan böhran Tokio üçün “ekzistensial təhlükə” yarada bilər və Yaponiya kollektiv özünümüdafiə hüququndan istifadə etməyə məcbur qala bilər. Çin XİN isə bunu “ölkənin daxili işlərinə kobud müdaxilə” kimi qiymətləndirib.
Münasibətlərin kəskinləşməsi fonunda Çin bir sıra yapon filmlərinin nümayişini dayandırıb və öz vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırıb.