ABŞ-ın Ukrayna üzrə ilk sülh planının ilkin variantı açıq şəkildə Rusiyayönümlü xarakteri daşıyırmış və onun əsas təşəbbüskarı vitse-prezident Cey Di Vens olub.
Modern.az-ın məlumatına görə, "The Economist" yazır ki, Dövlət katibi Marko Rubio bu sənədə müdaxilə etməsəydi, sənəd Kiyevin maraqlarına zidd şəkildə qəbul ediləcəkdi.
Məlumata görə, Rubionun həlledici müdaxiləsi nəticəsində ötən gün Cenevrədə keçirilən danışıqlarda plan Ukraynanın xeyrinə yenidən formalaşdırılıb. Bundan əlavə, Vaşinqtonun Ukraynaya qarşı irəli sürdüyü iki sərt tələb - 27 noyabr (Şükran Günü) üçün qoyulan son tarix və ABŞ kəşfiyyatına, həmçinin həyati vacib silahlara çıxışın dayandırılması təhdidi müvəqqəti olaraq aradan qaldırılıb.
Bununla belə, "The Economist" qeyd edir ki, Rubionun özü belə planın mənşəyi ilə bağlı çaşqınlıq yaşayıb: əvvəlcə o, narahat senatorlara zəng edərək sənədin Rusiyaya aid olduğunu bildirib, bir neçə saat sonra isə planın ABŞ tərəfindən hazırlandığını açıqlayıb.
Nəşrin yazdığına görə, ilkin variantın əsas tərəfdarı Cey Di Vens olub. O, sənədi şəxsən Ukrayna tərəfinə təqdim edib, daha sonra prezident Volodimir Zelenskiyə zəng edərək planın şərtlərini izah etməyə çalışıb. Sənəd Vensin tanışı Den Driskoll vasitəsilə çatdırılıb.
Jurnal vurğulayır ki, ABŞ Prezidenti Donald Tramp da Vens kimi Rusiyaya rəğbət nümayiş etdirir və Ukraynaya qarşı açıq laqeydlik göstərir. Cenevrə danışıqlarından əvvəl Tramp bəyan edib ki, “Ukraynanın lideri Zelenski razılaşma əldə olunmasa, son nəfəsinə qədər döyüşə bilər”, həmçinin sosial şəbəkələrdə Kiyevin Vaşinqtonun səylərinə lazımi təşəkkür göstərmədiyini iddia edib.
"The Economist"in məlumatına görə, Cenevrə danışıqlarında ABŞ-ın Ukraynaya qarşı mövqeyinin yumşaldılmasında əsas rolu Dövlət katibi Marko Rubio oynayıb.