Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı məktəb illərində tanıyan sənət tarixi müəllimi Semra Acar onun haqqında yaddaşlarda qalan xatirələrini bölüşüb.
Modern.az xəbər verir ki, Acar 1970-ci illərdə İstanbul İmam Hatip Liseyində dərs dediyi illəri xatırlayaraq Ərdoğanın həmin dövrdən etibarən “lider xarakterli bir gənc” olduğunu bildirib.
Onun sözlərinə görə, Ərdoğan 1965-ci ildə Piyalepaşa İlkokulunu, 1973-cü ildə isə İstanbul İmam Hatip Liseyini bitirib. Müəllimi o dövrü belə təsvir edib:
“İnsan sonradan lider olmur. O, doğulduğu gündən lider idi. Sınıf başqanı idi, bütün müəllimlər onu xüsusi görüblər. Tənəffüslərdə belə idman edirdi. Münazirələrdə daim birinci olurdu. Nitqi əla idi və məktəbə çoxlu kuboklar qazandırdı”.
Semra Acar həmin illərdə Ərdoğana İslam sənət tarixi, Səlcuqlar və Osmanlı dövrü mədəniyyəti kimi mövzuları tədris etdiyini deyir. Onun fikrincə, Prezidentin bu gün də səsləndirdiyi tarixi vurğular lisey dövründə formalaşıb: “Səlcuqlara, Osmanlıya heyranlığını görürsünüz. Demək ki, marağı varmış. Mənim edə bilmədiklərimi o, dövlət başçısı olaraq həyata keçirdi”.
Müəllim Ərdoğanın həm dərslərdə, həm də ictimai fəaliyyətdə fərqləndiyini bildirib: Acar onun fiziki aktivliyini də xüsusi vurğulayıb.
Semra Acar Ərdoğanın müəllimlərinə göstərdiyi hörmətdən də danışıb: “50 il keçsə də bizi unutmur. Öz maşınları ilə götürüb tədbirlərə aparıb, Dolmabahçədə, Adilə Sultan Sarayında dəfələrlə ağırlayıb. Bu, böyük əhdə vəfadır.”
Müəllim hazırda 82 yaşındadır və Prezidentin çıxışlarını izlədiyini, onun üçün daim dua etdiyini deyir:
“Türkiyə bu gün müasir dövlətlərlə yarışır. Dünya liderləri qarşısında çəkinməyən bir Prezidentimiz var. "One minute" ilə başlayan proses bu gün zirvəyə çatdı. Türkiyəyə nüfuz qazandırdı”.