Dünyada piyadaəleyhinə minalar, kustar üsulla hazırlanan bombalar və partlamamış hərbi sursatlar nəticəsində ötən il azı 6279 nəfər həlak olub və ya yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə “Handicap International” təşkilatının dekabrın 1-də Cenevrədə açıqladığı “Mina Monitoru” hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, bu rəqəm 2020-ci ildən bəri ən yüksək göstəricidir. Həmin qurbanların 90 faizi mülki şəxslərdir. Mina qurbanlarından 1945-i həlak olub.
“Handicap International” mina təmizlənməsi və qurbanlara dəstək sahəsində beynəlxalq yardımın azalmasını, həmçinin altı ölkənin mina qadağası sazişindən çıxmaq niyyətini kəskin şəkildə tənqid edib. Qeyd edilib ki, artımın əsas səbəbi minaların müxtəlif münaqişə regionlarında daha intensiv şəkildə tətbiq olunmasıdır. Ümumilikdə 52 ölkə və ərazidə mina qurbanları qeydə alınıb. Ən çox qurbanın olduğu ölkələr arasında ilk sıralarda Myanmar (2029), Suriya (1015), Əfqanıstan (624), Ukrayna (293) və Yəmən (247) yer alıb. Xüsusilə hazırkı münaqişə bölgələrində qeydə alınmayan qurbanların sayının çox yüksək olduğu bildirilir.
Qeyd edək ki, 1997-ci ildə qəbul olunan Ottava Konvensiyasına əsasən, piyadaəleyhinə minaların istifadəsi, istehsalı və ehtiyatda saxlanması qadağandır. Bu sənədi indiyədək 160-dan çox ölkə imzalayıb. ABŞ, Rusiya, Çin, Hindistan, Pakistan və İsrail də daxil olmaqla təxminən 30 ölkə Konvensiyaya qoşulmayıb. Konvensiyaya qoşulan ölkələr bu həftə mövzu ilə bağlı Cenevrədə toplaşacaq. “Handicap International” xəbərdarlıq edir ki, Rusiya-Ukrayna müharibəsindən sonra getdikcə daha çox ölkə konvensiyadan geri çəkilir. Ukraynadan əlavə, Estoniya, Finlandiya, Latviya, Litva və Polşa da bu il konvensiyadan çıxış prosesinə başlayıblar.