ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada müharibənin dayandırılması ilə bağlı həlledici danışıqlar aparacaq.
Modern.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Uitkoff və Kuşnerin Putinlə görüşünün çərşənbə axşamı günün ikinci yarısında keçiriləcəyini təsdiqləyib.
O, Rusiyanın “qırmızı xətləri” barədə danışmaqdan imtina edib və “meqafon diplomatiyasının” ziyanlı olduğunu bildirib.
Moskvada keçiriləcək danışıqlar İkinci Dünya müharibəsindən sonra Avropadakı ən qanlı toqquşmanı bitirmək məqsədilə baş tutacaq ən yüksək səviyyəli görüşlərdən biri kimi qiymətləndirilir.
Tramp administrasiyası müharibəni “qan gölü”, “vəkalət savaşı” adlandırır və onun tezliklə bitməsinin vacibliyini vurğulayır. Lakin indiyədək atılan addımlar - o cümlədən avqustda Alyaskada keçirilmiş Tramp–Putin sammiti sülh razılaşmasına gətirib çıxarmayıb. ABŞ tərəfinin hazırladığı və ötən həftə mətbuata sızan 28 maddəlik layihə sülh təklifi isə Ukrayna və Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb. Avropalı rəsmilər sənədin Kremlin əsas şərtlərinə uyğunlaşdırıldığını düşünərək Vaşinqtona etirazlarını bildiriblər.
Bundan sonra Avropa ölkələri öz “alternativ sülh təkliflərini” açıqlayıb, Cenevrədə keçirilən görüşlərdə ABŞ və Ukrayna “yenilənmiş sülh çərçivəsi” üzərində razılığa gəldiklərini açıqlayıblar.
Putin isə yenidən bəyan edib ki, Moskva sülh danışıqlarına hazırdır, lakin Ukrayna razılaşmanı qəbul etməsə, Rusiya ordusu daha da irəliləyəcək. Hazırda rus qüvvələri Ukraynanın 19 faizdən çoxuna, yəni 115 min kvadrat kilometrdən artıq əraziyə nəzarət edir. 2025-ci ildə irəliləyiş 2022-ci ildən bəri ən sürətli templə davam edib. Rusiya ordusu bazar ertəsi Putinə Pokrovsk və Vovçanskda nəzarəti ələ keçirdiklərini bildirib.
Müharibə başlayandan bəri hər iki tərəfdə ümumilikdə 1,2 milyondan çox hərbçi öldürülüb və ya yaralanıb. Heç bir tərəf dəqiq itki rəqəmlərini açıqlamır.
Rusiya tərəfinin əsas tələblərinə Ukraynanın NATO-ya heç vaxt qəbul edilməyəcəyinə dair zəmanət, Ukrayna ordusunun məhdudlaşdırılması, Donbasın tam şəkildə Rusiyanın nəzarətinə verilməsi, eləcə də Krım, Donbas, Zaporojye və Xersonun Rusiya ərazisi kimi tanınması daxildir. Kiyev bu şərtləri “kapitulyasiya” adlandırır və qəbul olunarsa, ölkənin gələcəkdə Rusiya tərəfindən tam işğal riskinin yaranacağını bildirir. ABŞ isə paralel olaraq Kiyevə 10 illik təhlükəsizlik zəmanəti təklif edib.
Görüş ərəfəsində Uitkoff, Kuşner və ABŞ-ın dövlət katibi Marko Rubio Floridada Ukraynanın Təhlükəsizlik Şurasının katibi Rustem Umerovla danışıqlar aparıblar. Prezident Volodimir Zelenski Parisdəki görüşdən sonra X platformasında yazıb: “Müharibənin ədalətli şəkildə başa çatdırılması zərurəti barədə ümumi mövqedəyik”.
Dünyanın diqqəti məhz həmin görüşə yönəlib, bu danışıqlar, ehtimallara görə, müharibənin gələcəyini müəyyən edə biləcək ilk real diplomatik cəhd ola bilər.
Xatırladaq ki, Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qoşun yeridib. Münaqişənin kökləri isə 2014-cü ildəki Maydan inqilabından, Ukraynanın Rusiya yönlü prezidentinin devrilməsindən və Krımın ilhaqından sonra başlayan Donbas müharibəsinə dayanır.
Danışıqların nəticəsi bütün dünya üçün kritik əhəmiyyət daşıyır, tərəflərin Moskvadakı görüşindən sonra prosesin hansı istiqamətə dəyişəcəyi böyük maraq doğurur.