Modern.az

İrəvan, Bakı, Ankara, Brüssel formatı müzakirə olunur

İrəvan, Bakı, Ankara, Brüssel formatı müzakirə olunur

Dünya

2 Dekabr 2025, 16:54

Avropa İttifaqının (Aİ) genişlənməsi üzrə ali komissarı Marta Kos bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması üçün İrəvan, Bakı, Ankara və Brüsseli əhatə edən dördtərəfli formatın yaradılması müzakirə olunur.

Modern.az xəbər verir ki, Marta Kos bunu Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı bir tərəfdən Ermənistan, digər tərəfdən isə Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini asanlaşdırmağa hazırdır. Brüssel bu məsələ ilə bağlı Bakı və Ankara ilə işləyir.

O bildirib ki, Cənubi Qafqazda ölkələrin əlaqəsini təmin etməklə çox şey əldə etmək olar - lakin bu, yalnız İrəvan və Bakı arasında sülh təmin edildikdə mümkündür.

Kos qeyd edib ki, o bu yaxınlarda Daşkənddə ölkələrin, beynəlxalq təşkilatların və biznesin Avropa ilə Orta Asiya arasında cənub marşrutu layihəsinə investisiya cəlb etmək üçün birləşəcəyi platformanın yaradılması təşəbbüsünü irəli sürüb.

“TRIPP layihəsi bu əlaqənin yalnız bir hissəsidir; biz Qərblə Şərqi birləşdirməliyik. Biz dördtərəfli formatı - Ermənistan, Azərbaycan, Türkiyə və Aİ-ni müzakirə edirik. Müzakirələrə oktyabr ayında nazirlərin görüşündə başladıq və sonra Daşkənddə investisiya forumu keçirdik”, - deyə Kos qeyd edib.

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli üzrə birgə bəyannamə imzalayıblar. Razılaşmaya əsasən, Ermənistan Zəngəzur dəhlizini 99 illiyə ABŞ-a icarəyə verəcək. “Tramp marşrutu” (TRIPP) adlanacaq dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolu əlaqəsi yaradacaq. ABŞ “Tramp marşrutu”nun keçəcəyi torpağı infrastruktur və idarəetmədən məsul olan konsorsiuma icarəyə verməyi planlaşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?