Tehrandakı Rusiya səfirliyi rusiyalı turistlərə İrana səyahət edərkən foto və video çəkilişlərindən çəkinməyi tövsiyə edib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, diplomatik nümayəndəlik bunun "arzuolunmaz hadisələrin və qəsdən baş verə biləcək qanun pozuntularının" qarşısını almağa kömək edəcəyini bildirib.
Səfirliyin Telegram-da dərc olunmuş mətbuat açıqlamasında deyilir: "Rusiya vətəndaşlarına İran İslam Respublikasına səyahət edərkən yerli qanunvericiliyə ciddi şəkildə riayət etmələri və ehtiyatlılıq göstərmələri tövsiyə olunur".
İranın Rəşt şəhərindəki Rusiya Baş Konsulluğunun veb saytında bildirilir ki, İranda dövlət qurumlarının, xarici nümayəndəliklərin və hərbi obyektlərin foto və video çəkilişləri qadağandır. Bu ərazilərdə xəbərdarlıq lövhələri yerləşdirilib və qayda pozuntuları həbslə nəticələnə bilər. Lakin şəhərin görməli yerlərinin, tarixi abidələrin və "müasir həyat mənzərələrinin" foto çəkilişlərinə icazə verilir.
2023-cü ildən bəri Rusiya və İran arasında vizasız səyahət mexanizmi qüvvədədir. Bu mexanizm 15 gündən çox olmayan müddətə mütəşəkkil turist qrupları (5-50 nəfər) üçün nəzərdə tutulub.