Böyük Britaniya Kralı III Çarlz, Kraliça Kamilla, eləcə də Uels Şahzadəsi Uilyam Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri və xanımı Elke Budenbenderi Birləşmiş Krallıqda rəsmi dövlət səfəri çərçivəsində qarşılayıblar.
Modern.az xəbər verir ki, bu, Almaniya prezidentinin son 27 ildə Birləşmiş Krallığa ilk dövlət səfəridir. Vindzor qəsrində keçirilən təntənəli mərasimdə hərbi orkestrin müşayiəti ilə rəsmi qarşılama təşkil olunub, daha sonra qonaqlar süvari dəstəsi ilə qala istiqamətində hərəkət ediblər. Səfər çərçivəsində yumşaq diplomatiyanın gücləndirilməsi, siyasi və mədəni əlaqələrin dərinləşdirilməsi əsas məqsəd kimi müzakirə edilir. Üç günlük səfər protokol mərasimləri, siyasi danışıqlar və mədəni proqramları əhatə edir.
Prezident Ştaynmayer və xanımı günün əvvəlində Uels Şahzadəsi Uilyam və Şahzadə Ketrin tərəfindən Hitrou hava limanında qarşılanıblar. Vindzor qalasında tərəflər arasında rəsmi hədiyyələrin mübadiləsi olub. Almaniya tərəfi Kral Çarlza zarafatla çətir, həmçinin Baxın “Christmas Oratorio” əsərinin surəti, Milad oyuncaqları, Ştaynmeyerin yaşadığı ekokənddən xüsusi pendir hədiyyə edib. Kral Çarlz isə Prezidentə Mull adasında hazırlanmış buynuz dəstəkli əsa, dekorativ boşqab və Virciniya Vulfun “Flush” əsərinin birinci nəşrini təqdim edib.
Daha sonra Prezident Ştaynmayer Dauninq Stritdə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüş keçirib. Almaniya dövlət başçısı iki ölkə arasında əlaqələrin çoxsaylı çətinliklərdən sonra daha yaxşı vəziyyətdə olduğunu qeyd edib və 2016-cı ildə “Brexit”dən sonra yaranmış gərginliklərin aradan qalxmasına diqqət çəkib. O, Avropa və dünyada təhlükəsizlik vəziyyətinin dəyişdiyini vurğulayıb və iyul ayında imzalanmış Böyük Britaniya–Almaniya sazişinin əməkdaşlığın güclənməsində mühüm rol oynadığını bildirib.