Birləşmiş Ştatlar 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək İyirmilik Qrupunun (G20) növbəti sammitinin iştirakçıları siyahısına Cənubi Afrikanın əvəzinə Polşanı daxil edib.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Dövlət katibi Marko Rubionun sözlərinə görə, ABŞ Polşanı Cənubi Afrikanın əvəzinə G20 sammitində iştirak etməyə dəvət edir.
Nəşrin yazdığına görə, Amerika rəsmiləri Varşava ilə tərəfdaşlıqlarını yüksək qiymətləndirərək, ölkənin 1989-cu ildə Varşava Müqaviləsi Paktından çıxmasından sonra uğurlu əməkdaşlığı qeyd ediblər. Rubio vurğulayıb ki, “bir vaxtlar dəmir pərdə arxasında qalan ölkə indi dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrilib və G20-də öz layiqli yerini tutacaq”.
Qeyd olunur ki, Polşa uzun müddətdir ki, G20-yə qoşulmağa çalışır. Bu ilin sentyabrında ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Karol Navroçkini sammitə “müəyyən edilməmiş formada” dəvət edib. Cənubi Afrikanı Polşa ilə əvəz etmək qərarı Vaşinqtonun Pretoriyanı ağdərililərin hüquqlarını pozduğuna görə tənqid etməsi fonunda qəbul edilib.
Noyabrın 26-da Tramp Cənubi Afrikanın Mayami sammitinə dəvət edilməməsinə göstəriş verib. O bəyan edib ki, Cənubi Afrikada keçirilən G20-nin əvvəlki sammitindən sonra ölkə hakimiyyəti bağlanış mərasimində iştirak edən yüksək rütbəli ABŞ rəsmisinə prezidentlik səlahiyyətlərini verməkdən imtina edib. Prezident həmçinin qeyd edib ki, Cənubi Afrikada avropalı müstəmləkəçilərin övladlarına qarşı insan hüquqlarının pozulması davam edir.