Tailand ordusu Kamboca ilə sərhəd bölgələrində yaşayan sakinləri dörd əyalətdə təhlükəsizlik sığınacaqlarına köçürtmək barədə göstəriş verib.
Modern.az xəbər verir ki, bu addım yeni hərbi toqquşmaların baş verə biləcəyi ehtimalı ilə əlaqədardır.
Eyni zamanda, Kamboca Müdafiə Nazirliyi bildirib ki, 7 dekabr tarixində yerli vaxtla saat 14:15 radələrində Tailand hərbi qüvvələri Prea Vihear yaxınlığında Kamboca qüvvələrinə atəş açıb.
Kamboca tərəfi cavab atəşi açmadığını və atəşin 14:32-də, Tayland tərəfi ilə əlaqə saxlandıqdan sonra dayandırıldığını açıqlayıb.
Kamboca həmçinin AŞAEN müşahidəçilərini məlumatlandırıb və insidentlə bağlı araşdırma tələb etməyi planlaşdırır. Nazirlik bir daha vurğulayıb ki, ölkə beynəlxalq hüquqa uyğun olaraq atəşkəs rejiminə və münaqişələrin sülh yolu ilə həllinə sadiqdir.