İsrail Fələstin dövlətinin yaradılmasına qarşıdır.
Modern.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bir daha bəyan edib.
Berlin səfərindən sonra Almaniyanın kansleri Fridrix Merslə birgə mətbuat konfransında çıxış edən Netanyahu bildirib ki, “iki dövlət” modeli İsrail üçün təhlükə yaradır:
Netanyahunun sözlərinə görə, Fələstin dövlətinin məqsədi “yeganə yəhudi dövlətini məhv etməkdir”.
“Onların artıq Qəzzada faktiki dövləti var idi və həmin qurum İsraili məhv etməyə cəhd göstərmək üçün istifadə edildi. Biz ərəb ölkələri ilə daha geniş sülhə doğru yol görürük, həmçinin fələstinli qonşularımızla real sülhün mümkün olduğunu hesab edirik. Amma qapımızın ağzında bizi məhv etməyə çalışan bir dövlət yaratmayacağıq”, – o deyib.
Netanyahu bir daha vurğulayıb ki, İordan çayından Aralıq dənizinədək bütün ərazi üzrə təhlükəsizlik səlahiyyətləri “həmişə İsrailin əlində qalacaq”.
Baş nazir Qəzzada atəşkəsin birinci mərhələsinin “demək olar ki, başa çatdığını” bildirib və yaxın günlərdə ABŞ prezidenti Donald Trampın sülh planının ikinci mərhələsinə keçidin gözlənildiyini qeyd edib.
O, siyasətdən gedib-getməyəcəyi ilə bağlı verilən suala isə mənfi cavab verib.