ABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yeni açıqlamalar verib.
Modern.az-ın məlumatına görə, "Politico"ya müsahibəsində Tramp bildirib ki, Ukraynanın alyansa qəbul edilməsinin “mümkün olmayacağı” barədə anlayış hələ Vladimir Putin hakimiyyətə gəlməmişdən əvvəl mövcud olub.
Onun sözlərinə görə, bu, Qərbdə uzun illər formalaşmış mövqeyin bir hissəsi idi.
Tramp əlavə edib ki, Zelenski ilə Putin arasındakı ilk görüşdə Ukrayna liderinin Krımı qaytarmaq və NATO-ya üzv olmaq niyyətini “o qədər də nəzakətli tonda” ifadə etməməsi Moskva ilə münasibətləri daha da kəskinləşdirib.
Ağ Evin sahibi müsahibəsində Avropa və NATO haqqında da sərt ifadələr işlədib. O deyib ki, Avropaya rəhbərlik etmək niyyətində deyil və yalnız ABŞ-la məşğul olmaq istəyir: “NATO məni "ata" adlandırır. Amma Avropa dağılır. Onları zəiflədən şey siyasi korrektlikdir.”
Tramp iddia edib ki, bir çox Avropa ölkələri mövcud miqrasiya siyasətinə görə yaxın illərdə “yaşama qabiliyyətini itirə” bilər.
Ukrayna prezidenti Zelenski barədə danışarkən Tramp onu ABŞ şoumenlərindən olan P. T. Barnumla müqayisə edib və “əla satıcı” adlandırıb. ABŞ lideri iddia edib ki, Zelenski “ağılsız Co Baydeni” Ukraynaya 350 milyard dollar ayırmağa razı salıb. Tramp, həmçinin bildirib ki, Ukrayna ərazisinin “təxminən 25 faizi artıq itirib”.