Modern.az

Dünyanın ən ölümcül müharibələri - Ukraynada itkilər 2 milyona çatır

Dünyanın ən ölümcül müharibələri - Ukraynada itkilər 2 milyona çatır

Dünya

11 Dekabr 2025, 10:42

Ukraynada 2022-ci ildən davam edən müharibə artıq insan itkisinin miqyası baxımından müasir dövrün ən ağır silahlı qarşıdurması hesab edilir.

Müxtəlif beynəlxalq institutlar və Qərb kəşfiyyatlarının məlumatları üst-üstə düşməsə də, ümumi mənzərə üç il ərzində həm Rusiya, həm də Ukrayna tərəfinin milyonlarla insanın həyatına təsir edən itkilərlə üzləşdiyini göstərir.

Qərb hərbi analitiklərinin hesablamalarına görə, Rusiyanın ümumi hərbi itkiləri (ölən və döyüş qabiliyyətini tam itirən yaralılar birlikdə) 900 min-1 milyon nəfər arasında dəyişir. Rəsmi rəqəmlər açıqlanmasa da, ölənlərin sayı təxminən 250 min göstərilir.

Ukrayna ordusunun itkiləri ilə bağlı da daqiq məlumat yoxdur. Modern.az-ın məlumatına görə, beynəlxalq araşdırmalar ölkənin indiyədək 60–100 min hərbçi itirdiyini, təxminən 400 min hərbçinin isə yaralanaraq döyüşdən kənarlaşdığını qeyd edir.

Beləliklə, müharibə başlayandan bəri cəbhədə ümumi hərbi itkilərin 1,3–1,5 milyon nəfər olduğu ehtimal edilir. ABŞ rəsmilərinin bəyanatlarında isə bu göstəricinin “artıq 2 milyona yaxınlaşdığı” bildirilir.

Mülki əhali arasında da itkilər böyükdür. BMT-nin məlumatına görə, indiyədək 14 mindən çox mülki şəxs həlak olub, on minlərlə insan yaralanıb. Təşkilat real rəqəmlərin daha yüksək ola biləcəyini istisna etmir.

Mütəxəssislər Ukrayna müharibəsinin miqyasını digər müasir müharibələrlə müqayisə edərkən qeyd edirlər ki, bu qarşıdurma artıq İran–İraq Sovet–Əfqanıstan müharibələrindəki itkilərə yaxınlaşır. Koreya Vyetnam müharibələrində ölüm sayı 3 milyona qədər yüksəlmişdi. Ukrayna müharibəsi hələ bu həddə çatmasa da, üç il kimi qısa müddət üçün insan itkisi baxımından son dərəcə ağır qiymətləndirilir.

Tarix boyu ən çox insan tələfatına səbəb olan müharibə İkinci Dünya müharibəsidir. 1939–1945-ci illər arasında 70–85 milyon insan həyatını itirib. Müharibədən sonrakı dövrdə ən qanlı qarşıdurma Yuqoslaviya müharibələri idi - 130–150 min nəfər öldürüldü. Finlandiya ilə SSRİ arasında baş vermiş Qış müharibəsində 130–150 min nəfər həyatını itirdi.  2022-ci ildən davam edən Ukrayna müharibəsi isə İkinci Dünya müharibəsindən bəri Avropanın ən genişmiqyaslı və ölümcül münaqişəsidir.

Daha əvvəllər baş verən Monqol yürüşləri, Taypin üsyanı və Çində “Üç Krallıq” dövrü isə 20–60 milyon arasında ölüm halları ilə yadda qalıb. Birinci Dünya müharibəsində isə 15–22 milyon nəfər öldürülmüş, on milyonlarla insan yaralanmışdı.

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -