“TRIPP layihəsi Zəngəzur dəhlizi deyil”.
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin “bu layihənin Zəngəzur dəhlizindən heç bir fərqi yoxdur və İran Zəngəzur dəhlizi kimi, TRIPP layihəsinə də qəti şəkildə qarşıdır” açıqlamasını şərh edərkən bildirib.
Rubinyan jurnalistlərlə söhbətində vurğulayıb ki, TRIPP Ermənistan Respublikasının tam suverenliyi, ərazi bütövlüyü və qanuniliyi çərçivəsində bərabərlik prinsiplərinə əsaslanaraq fəaliyyət göstərəcək biznes layihəsidir.
O qeyd edib ki, Ermənistan tərəfi iranlı həmkarları ilə daim əlaqə saxlayır, onların bu məsələdəki həssaslıqlarını və maraqlarını nəzərə alır.
“İran Xarici İşlər Nazirliyi dəfələrlə bildirib ki, onun “qırmızı xətləri” nəzərə alınır və İran üçün imkanlar yaradılır. İnanıram ki, bu açıqlamalar qüvvədə qalır”, - deyə Rubinyan əlavə edib.
Spiker müavini vurğulayıb ki, istənilən ölkənin rəsmi mövqeyi onun Xarici İşlər Nazirliyi vasitəsilə ifadə olunur və bu halda İran Xarici İşlər Nazirliyinin bəyanatları nəzərə alınır.
O, həmçinin qeyd edib ki, əksər hallarda Ermənistan və İranın maraqları üst-üstə düşür. "Həmçinin, Ermənistanın "qırmızı xətti" Ermənistan Respublikasının ərazisindən tranzit dəhlizinin olmamasıdır", - deyə Rubinyan fikirni yekunlaşdırıb.
Qeyd edək ki, İranın ali dini lideri Xamneinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşdə Zəngəzur dəhlizinə qarşı anti-mövqeyi yenidən təkrarlayıb. O “Tramp marşrutu”nun Zəngəzur dəhlizi ilə eyni olduğunu və Tehranın buna qarşı olduğunu bildirib.
Vilayəti “Tehran Zəngəzur dəhlizinə qarşıdır” desə də, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı Zəngəzur dəhlizinin əleyhinə deyillər. Buna baxmayaraq, Vilayətinin açıqlamasından bir daha anlaşılır ki, İranda müxtəlif məsələlərə olduğu kimi Zəngəzur dəhlizinə baxışda da hakim qüvvələrin iki fərqli mövqeyi var. Vilayətinin simasında isə mühafizəkarlar Məsud Pezeşkianla əks fikirdədirlər.
Mühafizəkarların Zəngəzur dəhlizinin əleyhinə olmaları mövcud reallığı dəyişmir. Dəhlizin inşası davam edir və Ermənistanda fövqəladə hadisə baş verməsə “Tramp yolu” gələn ildən tikilməyə başlayacaq.