2025-ci ildə dünyada ən çox edam hökmü icra edən ölkə Səudiyyə Ərəbistanı olub.
Modern.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu ilin əvvəlindən etibarən krallıqda ümumilikdə 340 nəfər edam edilib və bununla da yeni rekord qeydə alınıb.
Edam olunanların böyük əksəriyyəti narkotik cinayətləri ilə bağlı məhkum edilən şəxslərdir. 2025-ci ilin əvvəlindən bəri 232 nəfər narkotik alverinə görə ölüm hökmü ilə cəzalandırılıb. Daxili İşlər Nazirliyi dekabrın 15-də Məkkə əyalətində qətl işi üzrə üç nəfərin edam edildiyini də açıqlayıb.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanı ardıcıl ikinci ildir edamların sayına görə rekord qırır. 2024-cü ildə ölkədə 338 nəfər edam edilmişdi.
Analitiklər edamların sayındakı artımı 2023-cü ildən etibarən narkotiklərə qarşı mübarizənin sərtləşdirilməsi ilə əlaqələndirirlər. Həmin ildən krallıqda narkotiklə bağlı cinayətlər üzrə edam hökmlərinin icrası yenidən bərpa olunub. Bundan əvvəl bu maddələr üzrə edamlar üç il müddətinə dayandırılmışdı.