ABŞ yaxın aylar ərzində Qrenlandiya adası üzərində nəzarəti ələ keçirməyə cəhd edə bilər.
Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri xəbər verir.
Məlumata görə, bunun noyabr ayında Konqresə keçiriləcək aralıq seçkiləri və 4 iyulda keçiriləcək Amerika müstəqilliyinin 250 illiyi ərəfəsində baş verə biləcəyi təxmin edilir.
Nəşr qeyd edir ki, Qrenlandiyaya gəldikdə, ABŞ Venesuelada istifadə edilən metodlardan fərqli addımlar ata bilər. "Vaşinqton hərbi əməliyyat əvəzinə, mövcud tarazlığı dəyişdirmək üçün 'siyasi təsir kampaniyasına' əl ata bilər", - deyə Avrasiya Qrup analitik mərkəzinin Avropa ofisinin idarəedici direktoru Müctəba Rəhman bildirib.
Ötən həftə sonu "Atlantic"-ə verdiyi müsahibədə ABŞ prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirmək niyyətini təsdiqləyib. O, adanın "Rusiya və Çin gəmiləri" ilə əhatə olunduğunu təsvir edərək "Bizə mütləq Qrenlandiya lazımdır" deyib.
Danimarkanın Baş naziri Mette Frederiksen isə ABŞ liderinin Qrenlandiya iddialarına cavab olaraq "Təəssüflə, düşünürəm ki, Amerika prezidenti Qrenlandiyanı istədiyini deyəndə ciddiyə alınmalıdır",-deyə xəbərə reaksiya verib. Onun sözlərinə görə, əgər ABŞ başqa bir NATO ölkəsinə hücum edərsə, hər şey dayanacaq.
Xatırladaq ki, dünyanın ən böyük adası sayılan Qrenlandiya NATO üzvü olan Danimarka Krallığının tərkibində müxtariyyətə malikdir. Ada sakinləri Danimarka və Avropa Birliyi vətəndaşlığı daşıyır.