Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa təqdim etməyə hazır olduğunu açıqlayıb. O qeyd edib ki, Trampa minnətdarlıq əlaməti olaraq onu bölüşməyə hazırdır:
"Venesuela xalqı Donald Trampa ölkə prezidenti Nikolas Maduronun həbsinə görə təşəkkür etmək üçün bu addımı atmağa hazırdır".
Modern.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət lideri bunu tarixi addım adlandırıb:
"Bu, demokratik keçidə doğru atılmış çox böyük bir addımdır və mən bunu Amerika xalqına çatdırmaq istəyirəm”.
2025-ci ilin oktyabrında Nobel Komitəsi Venesuela xalqının demokratik hüquqlarının təşviqinə verdiyi töhfəyə görə Nobel Sülh Mükafatını Mariya Korina Maçadaya təqdim edib.
Mariya Korina Maçado 2024-cü il prezident seçkilərində saxtakarlıq edildiyini bəyan etdikdən sonra Maduronun rejimindən gizlənərək sığınacaqda yaşayıb. Venesuela hakimiyyəti onun yüzlərlə tərəfdarını həbs edib.