Ukrayna tərəfdaşları ilə quruda, havada və dənizdə təhlükəsizlik zəmanətlərini müzakirə edir. Ukrayna üzərində “nüvə çətiri”nin yerləşdirilməsi məsələsi gündəmdə deyil.
Modern.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirəsi zamanı Böyük Britaniya və Fransanın nüvə qalxanının yerləşdirilməsindən söhbət getməyib. Bunun əvəzinə tərəfdaşlarla və ABŞ-la quruda, dənizdə və havada təmin olunacaq zəmanətlər müzakirə edilib.
“Hava hücumundan müdafiə prioritet istiqamətdir, eyni zamanda, ordumuzun gücləndirilməsi, şəxsi heyət üçün əlavə maliyyələşmə məsələləri müzakirə olunur. Briqadalarımızın tam komplektləşdirilməsi bizim üçün çox vacibdir. Həmçinin birgə istehsal üçün zəruri olan bəzi lisenziyalar barədə danışırıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Xatırladaq ki, yanvarın 6-da Parisdə Ukrayna, ABŞ və “İstəklilər koalisiyası”na daxil olan ölkələrin görüşü keçirilib. Tərəflər dayanıqlı sülh məsələsində birliyi təsdiqləyib və Kiyevə gələcək dəstək barədə razılığa gəliblər.
Görüş zamanı Ukrayna, Fransa və Böyük Britaniya birgə koordinasiya qrupunun yaradılması haqqında bəyannamə də imzalayıblar.
Təhlükəsizliklə bağlı sənədlərin daha sonra liderlər səviyyəsində təkmilləşdirilməsi planlaşdırılır. Əsas prioritetlər təhlükəsizlik zəmanətləri və Ukraynanın müharibədən sonrakı bərpasıdır. Yalnız bundan sonra ABŞ-ın iştirakı ilə daha geniş məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur.