İranın Ali Dini Lideri Əli Xamenei bazar ertəsi yaydığı müraciətdə ölkə üzrə hakimiyyətin təşkil etdiyi mitinqlərdə iştirak edən tərəfdarlarına təşəkkür edib.
Modern.az xəbər verir ki, o, bu aksiyaları ABŞ siyasətçilərinə ünvanlanan “xəbərdarlıq” kimi qiymətləndirib.
Xamenei bildirib ki, keçirilən kütləvi mitinqlər “xarici düşmənlərin daxili muzdurların əli ilə həyata keçirməyi planlaşdırdıqları ssenariləri puça çıxarıb”. Onun sözlərinə görə, bu mitinqlər İran tarixində mühüm bir gün yaradıb və xalqın qətiyyətini açıq şəkildə nümayiş etdirib.
Ali lider vurğulayıb ki, İran xalqı düşmənlərin qarşısında öz iradəsi və milli kimliyi ilə çıxış edib. Xameneyi bunu ABŞ siyasətçilərinə açıq mesaj adlandıraraq, onları “aldadıcı siyasətdən əl çəkməyə və xain muzdurlara arxalanmamağa” çağırıb.
O, İran xalqını “güclü və qüdrətli, düşmənlərini tanıyan, siyasi səhnədə daim fəal olan bir xalq” kimi xarakterizə edib.