Rusiya ordusu ötən gecədən başlayaraq Ukraynanın bir çox bölgələrinə kütləvi hava hücumu edib.
Modern.az məlumat verir ki, gecə saatlarında Kiyev vilayətinin enerji və kritik infrastrukturlarına ballistik raketlərlə hücum edilib. Hava hücumundan müdafiə sistemi intensiv işə düşüb. İrpen və Buça rayonlarında enerji verilişində ciddi problem yaranıb. Hazırda da paytaxt Kiyevdə enerji verilişində fövqəladə vəziyyət yaranıb.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, Xarkov vilayətinə edilən hava hücumu nəticəsində azı 4 nəfər ölüb, 6-sı yaralanıb.
Rusiya Xarkov ətrafındakı poçt terminalına da kütləvi hava hücumu həyata keçirib. Binalar dağılıb və təxminən 500 kvadratmetrlik ərazidə yanğınlar baş verib. Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları 30 nəfəri xilas edib, onlardan 2-si dağıdılmış binanın dağıntıları altından xilas edilib. Xilasetmə və yanğınsöndürmə əməliyyatları davam edir.
Odessa vilayətinə edilən hava hücumu nəticəsində isə yaralananlar var. İlkin məlumatlara görə, hava hücumu nəticəsində 5 nəfər yaralanıb. Binada, fitnes mərkəzində, peşə məktəbində və yaxınlıqdakı minik avtomobilinin yerləşdiyi qarajda yanğınlar baş verib, yanğınsöndürənlər yanğını söndürüblər.
Hava hücumu zamanı Dnepropetrovsk, Zaporojye vilayətlərinin də enerji infrastrukturlarına ciddi ziyan dəyib.
Ukrayna Energetika Nazirliyi enerji infrastrukturlarına ciddi ziyan dəydiyini təsdiqləyib.
Monitorinq qruplarının məlumatına görə, hava hücumu zamanı 50-yə yaxın ballistik və qanadlı raketlərdən, çox sayda zərbə dronlarından istifadə edilib.