Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili Mixeil Saakaşvili ilə eyni cəzaçəkmə müssəsində həbs cəzası çəkəcək.
Modern.az xəbər verir ki, o hazırda Rustavidəki 12 saylı həbsxanaya köçürülüb.
Qaribaşvili prokurorluqla günahını etiraf etmə müqaviləsi imzalayıb və keçmiş baş nazir 5 il həbs cəzası çəkəcək. O, həmçinin əlavə cəza olaraq 1 milyon lari cərimə ödəyəcək.
Qaribaşvili 2025-ci ilin oktyabrında xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunub.
Maraqlıdır ki, onun siyasi rəqibi Mixeil Saakaşvili keçmiş baş nazir cəmi 5 il həbs cəzası çəkəcəyindən narazıdır.
Saakaşvilinin sözlərinə görə, 3 milyon dollar mənimsəməklə ittiham olunduğu "pencək işi" ilə bağlı ona 9 il həbs cəzası verilsə də, Qaribaşvili 6,5 milyon dollar mənimsədiyinə görə cəmi 5 il həbs cəzası alacaq.
"Əminəm ki, o, tezliklə azadlığa buraxılacaq", - Saakaşvili yazıb.