Rusiya hərbi komandirləri döyüş meydanındakı real vəziyyəti təhrif edən açıqlamalar yayaraq informasiya müharibəsi aparır və bununla da ABŞ-ın sülh danışıqları ilə bağlı qərarlarına təsir göstərməyə çalışırlar.
Modern.az xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin son hesabatında bildirilir.
Hesabatda vurğulanır ki, Rusiya tərəfinin yaydığı bu cür bəyanatlar daha geniş informasiya strategiyasının tərkib hissəsidir. Məqsəd Qərb auditoriyasında Rusiyanın Ukraynada qələbəsinin “qaçılmaz” olduğu barədə yanlış təsəvvür formalaşdırmaq, eyni zamanda Ukraynanı və onun müttəfiqlərini Moskvanın tələblərini indidən qəbul etməyə məcbur etməkdir. Analitiklərin fikrincə, Kreml bu yolla gələcək hücumlar və mümkün irəliləyişlər qorxusu yaradaraq siyasi təzyiqi artırmağa çalışır.
ISW xüsusi olaraq qeyd edir ki, Kupyansk Rusiya hərbi rəhbərliyi üçün xüsusilə “ağrılı mövzu”ya çevrilib. Bunun əsas səbəbi isə həmin istiqamətdə döyüş meydanındakı real vəziyyətin Kremlin və Rusiya ali hərbi-siyasi rəhbərliyinin, o cümlədən Vladimir Putinin formalaşdırmağa çalışdığı “Rusiya ordusunun hərbi üstünlüyü” narrativini ciddi şəkildə sarsıda bilməsi ehtimalıdır.
Analitiklərin qənaətinə görə, Kupyansk ətrafındakı vəziyyətin açıq şəkildə etiraf olunması Rusiya cəmiyyətində və beynəlxalq müstəvidə Moskvanın müharibədəki iddialarına zərbə vura bilər. Məhz bu riskə görə Rusiya hərbi komandirləri həmin istiqamətlə bağlı məlumatları manipulyasiya etməyə və reallığı gizlətməyə üstünlük verirlər.