Modern.az

İranda nə baş verir? - ƏN SON DURUM

İranda nə baş verir? - ƏN SON DURUM

Dünya

17 Yanvar 2026, 19:55

ABŞ Dövlət Departamenti İran hakimiyyətini ölkədə baş verən daxili problemlərin real həlli əvəzinə “susqunluq və izolyasiya” yolunu seçməkdə ittiham edib.

Modern.az xəbər verir ki, ABŞ Dövlət Departamenti tərəfindən X sosial şəbəkəsində fars dilində yayımlanan açıqlamada qeyd olunub ki, internetə tətbiq edilən uzunmüddətli məhdudiyyətlər rəsmi Tehranın öz legitimliyinə olan inamsızlığını açıq şəkildə nümayiş etdirir.

Açıqlamada xatırladılıb ki, İran rəsmiləri internetin ən azı mart ayının sonunadək məhdudlaşdırılacağını əvvəlcədən bəyan ediblər. ABŞ tərəfinin hesablamalarına görə, İran cəmiyyəti artıq 216 saatdan çoxdur ki, faktiki olaraq “rəqəmsal izolyasiya” şəraitində yaşayır.

Yerli mənbələrdən daxil olan məlumatlara əsasən, Tehran və digər şəhərlərdə, o cümlədən Yəzd şəhərində gündəlik həyat nəzərəçarpacaq dərəcədə zəifləyib. Bir çox mağazanın fəaliyyətini dayandırdığı, insanların təzyiq və hədələr fonunda küçəyə çıxmaqdan çəkin­diyi bildirilir.

Eyni zamanda, xəstəxana və tibbi mərkəzlərdə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyi, odlu silahdan istifadə nəticəsində yaralanan və ağır əməliyyatlara ehtiyacı olan şəxslərin olduğu iddia edilir. Məlumatlarda həmçinin hakimiyyətin yas mərasimlərinə mane olduğu, həlak olanların cəsədlərinin ailələrinə verilməsi üçün ödəniş tələb edildiyi də qeyd olunur.

Rəsmi mövqeyə yaxın "Tasnim" agentliyi internet blokadasının “beynəlxalq praktikaya” uyğun olduğunu bildirib, lakin hansı standartlardan söhbət getdiyini açıqlamayıb. "Fars" agentliyi isə şəxsi yazışmaların və qrup çatlarının yalnız milli messencerlər vasitəsilə əlçatan olacağını yazıb.

Sosial şəbəkələrdə yayılan videolarda, iddialara görə, etirazların yatırılması zamanı hüquq-mühafizə orqanlarının sərt müdaxiləsi, o cümlədən saxlanılan şəxslərə yaxın məsafədən atəş açılması əks olunub. Rəsmi qurumlar bu görüntülərlə bağlı açıqlama verməyib.

Yerli sakinlərdən birinin sözlərinə görə, etirazlarda iştirak edənlərin böyük hissəsi artıq saxlanılıb və təhlükəsizlik vəziyyəti bərpa olunub. Bununla yanaşı, o, ölkədə inflyasiyanın artımından ciddi narazılıq olduğunu, lakin etirazların bu cür sərt üsullarla yatırılmasının cəmiyyət tərəfindən birmənalı qarşılanmadığını vurğulayıb.

"Mehr" agentliyi internetin iğtişaşlar zamanı tamamilə kəsilməsindən sonra bəzi istifadəçilər üçün qismən bərpa edildiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır