Modern.az

Ermənistan "Tramp yolu"nda veto hüququna malik olacaq - Vitse-spiker

Ermənistan "Tramp yolu"nda veto hüququna malik olacaq - Vitse-spiker

Dünya

19 Yanvar 2026, 15:36

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan “Tramp marşrutu” – TRIPP (Zəngəzur dəhlizi) ilə bağlı yeni açqıqlamalar verib.

Modern.az xəbər verir ki, Rubinyan bu layihədə səhmlərin 26%-nə sahib olan Ermənistanın 74%-ə sahib olan Amerika tərəfini necə idarə edə biləcəyi ilə bağlı sualı cavablandırıb.

Jurnalistlərə açıqlamasında o deyib:

“Əgər bu, Ermənistanda yerləşən və sənədlərə uyğun olaraq qeydiyyatdan keçmiş bir şirkətdirsə, deməli, vergi ödəyir və Ermənistan qanunlarına uyğun fəaliyyət göstərir. Ermənistanda dövlətin payı olmayan minlərlə şirkət var, lakin təbii ki, dövlət öz tənzimləyici rolunu oynayır.

Bundan əlavə, biz biznesin idarə edilməsindən danışırıq və Ermənistan hökuməti səhmlərin 26%-nə sahib olacağından, biznesin necə idarə olunacağına dair söz sahibidir. Müəyyən edilib ki, məsələn, Ermənistan Respublikasının suveren maraqları ilə əlaqəli ola biləcək xüsusilə vacib məsələlərdə səhmlərin 26%-nə sahib olan səhmdarın, yəni veto hüququna malik Ermənistanın razılığı olmadan heç nə etmək olmaz”, - deyə Rubinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan bu şirkətdə 26%, ABŞ isə 74% paya sahib olacaq, çünki ABŞ investor olacaq. "Biz bu şirkətdən vergilər, eləcə də biznes mənfəətinin bir hissəsini alacağıq", - Rubinyan deyib.

Vitse-spikerin sözlərinə görə, Rusiyanın və ya Türkiyənin TRIPP layihəsində iştirakına dair müzakirə yoxdur.

"Xatırlatmaq istəyirəm ki, bu, Ermənistan-Amerika layihəsidir; başqa bir ölkənin iştirakı planlaşdırılmır. Amma əgər TRIPP-in faydalarından danışırıqsa, təbii ki, Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Orta Asiya ölkələri, Avropa ölkələri və sair hamısı faydalanacaq", - deyə Rubinyan bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır